Hər ötən gün Rusiya-Ermənistan münasibətlərinin daha da pisləşdiyinin şahidi oluruq. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 31-də deyib ki, Rusiya ilə münasibətlərdəki problemləri gizlətmək mümkün deyil. Ermənistan Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir. Ermənistanın Rusiya ilə “siçan-pişik” oyununa bənzər tərzdə əlaqələrə rəvac verməsi, təbii ki, Kremldə normal qarşılanmır. İki ölkə arasında münasibətlər artıq münaqişə səviyyəsindədir və bir-birinə qarşı əks siyasi addımlar atırlar. Rusiyanın Ukrayna müharibəsi ilə Cənubi Qafqaz da daxil olmaqla müxtəlif coğrafiyalarda zəifləyən mövqeyi Ermənistanın özünə yeni havadar, hami axtarışı məsələsində həlledici oldu. Proseslər isə düşünməyə əsas verir ki, rəsmi İrəvan bu məsələdən artıq geri çəkilmək, anti-Rusiya addımlarından imtina etmək fikrində deyil.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Ermənistandakı hazırki hakimiyyət birmənalı şəkildə antirusiya mövqeyinə malikdir:
“Qərbin Neo-imperializm şəbəkələri Ermənistanda Rusiyanın dayaqlarını zəiflətmək üçün əllərindəki bütün imkanlardan istifadə etməyə çalışırlar. Bu gün Ermənistandakı Avropa İttifaqının missiyası və Qərbin oynamaq istədiyi təhlükəli planlar Rusiyanın diqqət mərkəzindədir. Eyni zamanda, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsində azalma tendensiyası yoxdur. Son açıqlanan rəqəmlərdə iki ölkə arasında ticarət dövriyəsinin yeddi milyarddan çox olduğu müəyyən olundu. Bu Ermənistan ərazilərində iki qat oyunun getdiyini göstərir. Qərb Şimal qonşumuzun əleyhinə Ermənistanda tendensiya formalaşdırır. Digər tərəfdən isə Rusiya da Ermənistanda özünün varlığını qorumağa çalışır. Buna görə də əlini rəsmi İrəvandan çəkmir. Ümumiyyətlə, Ermənistanın xəyanətkar xisləti tarix boyu davam edib. Bu günki Ermənistan hakimiyyəti Qərbin əlində oyuncağa çevrildiyinin fərqindədir. Eynilə Ermənistandakı Paşinyan höküməti yaxşı anlayır ki, Qərb onlara Rusiyanın iqtisadi mövcudluğunu əvəzləyə bilməz. Buna görə də Ermənistan Rusiya ilə siyasi yöndə məsafə saxlasa da, iqtisadi baxımdan tam qopmur”.