Rusiya tələsir: Ukraynanın vəziyyəti Qərbin verdiyi dəstəkdən asılı olacaq -ŞƏRH

Xarkov vilayətindəki döyüşlər münaqişə zamanı Ukrayna Silahlı Qüvvələri üçün ən çətin anlardan birinə çevrilə bilər.
Bunu avstraliyalı general Mik Rayan deyib.
O bildirilib ki, Kiyev Xarkovda çox döyüşçü itirəcək:
“Çox güman ki, qarşıdan gələn həftələr şərqdə Ukrayna üçün çox çətin olacaq. Əgər ukraynalılar nəyin bahasına olursa-olsun mövqelərini saxlamaq qərarına gəlsələr, onsuz da kiçik olan ordusu daha da kiçiləcək”.

Avstraliyalı generalın fikirlərinə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Ukraynada baş verənlər bu gün üçün sürpriz sayılmamalıdır:

“Çünki Ukraynaya müdaxilə edən sıradan dövlət deyil və dünyanın ikinci ən böyük ordusuna sahibdir. Rusiya Ukraynaya müdaxilə edərkən əməliyyatları qısa müddətdə tamamlayıb, məqsədlərinə nail olub daha sonra Qərb dairələri ilə dünyəvi mübarizəsində mərhələ açmaq istəyirdi. Amma Ukrayna müharibəsindən iki ildən çox vaxt keçib və Rusiyanın hələ də istəklərinə nail olmadığını görürük. Bu isə Rusiyanın əlini Qərbdə, Şərqdə, Afrikada və Cənubi Qafqazda zəiflədib. Rusiya Prezidenti Vladimir Putinin ötən gün öz komandasında ciddi dəyişikliklər etdi. Bunların hamısı Rusiyanın Ukraydakı məqsədlərlərinin əksəriyyətinə çatmaq üçün tələsdiyini göstərir. Ona görə də Şimal qonşumuz dayanmadan təzyiqlərini artırır. Çünki Rusiya Ukraynadan çıxmalı və Qərb ilə ümumi dünyəvi məsələlərdə mübarizə aparmalıdır. Eyni zamanda, rəsmi Moskva Ukraynada Kollektiv Qərbə qarşı mübarizə aparan zaman Çin, Şimali Koreya, Cənubi Qafqazda Türkiyə-Azərbaycan müttəfiqliyi fonunda yumşalmalara getməyə məcbur olduğunu anlayır. Bu isə Rusiyanın imperial maraqlarına uyğun deyil. Hazırda Ukrayna böhranını bitirmək Şimal qonşumuz üçün əsas proritet məsələyə çevrilib. Bundan sonra Ukraynanın vəziyyəti Qərbin verdiyi dəstəkdən asılı olacaq. Dəstəyin azalması, artması və eyni formada qalması Ukraynanın taleyini həll edəcək. Ona görə də Ukrayna tezliklə ciddi şəkildə Qərbi tələsdirməlidir”.