Ermənistanda hakim Mülki Müqavilə Partiyasının parlament fraksiyası qapalı iclas keçirir.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Böyük ehtimalla görüşdə Ermənistandakı vəziyyət müzakirə olunacaq”, - məlumatda deyilir.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, görüş zamanı əsas müzakirə predmenti parlamentdə təmsil olunan müxalif blokların birgə impiçment mövzusunu qaldırmasıdır:
“Ermənistan” və “Şərəfim var” blokları birlikdə 36 deputata malik idilər. Daha sonra “Şərəfim var” blokundan bir nəfər müstəqil fəailiyyət göstərməsi ilə bağlı qərar verdi. 36 nəfər isə mövcud deputatların 1/3-i deməkdir. Konstitusiyaya görə parlamentdə təmsil olunanların 1/3-i müraciət edərsə, baş nazirə etimad məsələsinə baxıla bilər. Bu gün etirazçılar məhz həmin proseduru qanuni şəkildə həyata keçirmək istəyirlər. Müstəqil fəailiyyət göstərmək istəyən deputatı razı saldıqları ilə bağlı Baqrat Qalstanyan məlumat da verdi. Əgər belə olarsa, parlamentdə impiçment məsələsi qaldırılacaq və 72 saat ərzində məsələ müzakirə olunacaq. Ancaq bu sadəcə olaraq müzakirə predmentidir. Çünki baş tutması üçün əlavə 18 deputatın səsinə ehtiyac var. Həmin 18 nəfər isə hakim “Vətəndaş Müqaviləsi” partiyasına məxsusdur.
İclas zamanı parlament fraksiyası olan deputatlara hökümət səviyyəsində müəyyən əminlik veriləcək ki, narahat olmaq üçün səbəb yoxdur. Etiraz aksiyaları müvəqqəti xarakterlidir və tezliklə fiaskoya uğrayacaq”.