Politoloq: Rusiya-Ukrayna müharibəsi Avropanı çətin vəziyyətə salıb

Rusiyadan ucuz enerji resursları ala bilmədiyi üçün Avropa ölkələri biznes modelini dəyişməli olacaq.

bunu Fransa Prezidenti Emmanuel Makron Versalda biznes konfransında çıxışı zamanı deyib.

“Əgər Avropanı Çin, yaxud ABŞ-la müqayisə etsək, o zaman vəziyyət elə də yaxşı deyil. Biz biznes modelimizi dəyişməliyik. Biznes modelimiz Rusiyadan ucuz enerji resursları, Çinə əla ixrac bazarı və Mərkəzi Avropada ABŞ-ın geosiyasi çətiri altında istehsalın təşkili üzərində qurulub. Avropa modelinin bu sütunları öz fəaliyyətini dayandırır”, - deyə Makron bildirib. 


Makronun fikirlərinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Rusiya-Ukrayna müharibəsi Avropanı çətin vəziyyətə salıb: 

“Avropa bu savaşa hazır deyildi. Rusiyanın xammalından, enerji daşıyıcılarından asılı vəziyyətdə qalan Avropa təhlükəsizlik sahəsində müxtəlif təhdidlərlə üz-üzədir. Amerika Birləşmiş Ştatlarına təhlükəsizliyini etibar edən Avropa daha çox Çinin ixrac etdiyi məhsullar və Rusiya vasitəsilə enerji asıllığını ödəmək kursunu tutmuşdu. Bu gün isə sözügedən yeni iqtisadiyyata keçidi reallaşdırmaq istəyirlər. Amma bunu qısa müddət ərzində həyata keçirmək mümkün deyil. Lakin çox milyardlı investisiya qoyularsa, yaşıl enerjiyə keçid baş tutarsa, həmin layihəni uğurlu hesab etmək olar. İndiki reallıqlar fonunda şübhəsiz ki, alternativ enerjiyə qoyulan sərmayə onu qısa müddət ərzində ödəməyəcək. Əgər həmin strategiya əvvəldən qurulsa idi, bu gün Avropa müəyyən qədər hazırlıq işləri görə bilərdi. İndi isə ya Avropa Ukrayna müharibəsini dayandırmalı, ya da öz müstəqil iqtisadi sistemini qurmalıdır”.