Vaşinqton və Brüssel Ankaranın qərarından narazı qalacaqlar, ancaq özlərindən küssünlər
Türkiyə BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) qoşulmaq istəyir. Bu barədə Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib. Nazir bildirib ki, bu məsələ xarici işlər nazirlərinin Nijni-Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq. Məlumata görə, görüşdə gündəmdə olan mövzulardan biri NATO üzvü olan Türkiyənin BRİCS-ə qoşulması ola bilər. Moskva Ankaranın BRİCS-ə üzv olmaq istəyini alqışlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qonşuların, o cümlədən Türkiyə kimi mühüm tərəfdaşların BRİCS-ə marağının artması təqdirəlayiqdir: "Təbii ki, bu maraq mövzusu Rusiyanın sədrliyi ilə keçiriləcək və çox fəal şəkildə hazırlaşdığımız BRİCS sammitinin gündəmində olacaq". Peskov qeyd edib ki, BRİCS bütün maraqlı tərəflərlə əlaqələrin qurulmasında maraqlıdır. Onun sözlərinə görə, bu məqsədlə müxtəlif formatlar nəzərdən keçirilir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, BRİCS üzvləri Türkiyənin təşkilata qoşulmasına etiraz etməyəcəklər. Onun sözlərinə görə, bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRİCS-ə üzvlüyü təşkilatın gücünü artıracaq:
"Vaşinqton və Brüssel Ankaranın qərarından narazı qalacaqlar, ancaq özlərindən küssünlər. Türkiyə Avropa İttifaqına üzvlüyə qəbul olunsaydı, Ankaranın başqa təşkilatlara üzv olmasına ehtiyac qalmazdı. Türkiyə xarici siyasətini şaxələndirməyə çalışır. Buna baxmayaraq, BRİCS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir. Aydındır ki, BRİCS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyirlər. Ancaq BRİCS-in digər üzvləri olan Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyillər, Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Eyni ilə Türkiyə də BRİCS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq".