bundan sonra İrəvan KTMT-dən rəsmən çıxacaq
Ermənistan KTMT ölkələrinin müdafiə nazirliklərinin Almatıda keçirilən görüşünə qatılmadı. Rəsmi İrəvan son bir ildə KTMT-nin bu kimi görüşlərinə məhəl qoymur. KTMT Katibliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Yuri Şuvalov bildirib ki, Ermənistan nümayəndəsi iştirak etməsə də, məhdud tərkibdə qərarların qəbuluna etiraz etmir. İrəvan bu ilin fevralında Ermənistanın təşkilatda iştirakının dondurulduğunu bəyan edib. Ermənistan 2024-cü ildə KTMT-ni maliyyələşdirməkdən imtina edib. Qeyd edək ki, İrəvan daha əvvəldən KTMT tədbirlərində iştirakdan yayınıb.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra KTMT de-yure çıxacaq. Ekspertin sözlərinə görə, Ermənistan de-fakto təşkilatdakı fəaliyyətini dayandırıb:
"Ermənistanın Rusiyanın orbitindən uzaqlaşmaq siyasəti regional təhlükəsizliyə töhfə verir. Məhz bunun nəticəsidir ki, Moskvanın israrla Qarabağ məsələsini gündəmədə saxlamağına rəğmən Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı. Qarabağ məsələsini Ermənistanın gündəmindən çıxartdı. Bu, Kremlə Ermənistan tərəfindən vurulan ən böyük strateji şillə idi. Təbii ki, Azərbaycan Qarabağ məsələsini həll edib, gündəliyi bağlamışdı. Buna baxmayaraq, Moskva Qarabağ kartını əldən verməməyə çalışırdı. Paşinyan KTMT-dən çıxmaq üçün uyğun zamanı gözləyir. İlk növbədə Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Digər yandan Rusiya Ukraynada strateji və hərbi məğlubiyyətə uğramalıdır".
Analitik vurğulayıb ki, Ermənistan KTMT çıxarsa, növbəti hədəf Rusiya hərbi bazasının bağlanması olacaq:
"Rusiya rəhbərliyi qonşu ölkələri təhdid etməyə başlayıb. NATO və ABŞ ilə qarşıdurma fonunda Kreml qonşu ölkələrə qarşı təzyiqləri artıracaq. Rusiya üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri post-sovet məkanıdır və bu ölkələrin müstəqilliyinə nisbi yanaşır. Ona görə də Azərbaycan, Türkiyə və Pakistanla hərbi əməkdaşlığı daha da inkişaf etdirməlidir".