Moskvanın bu qərarı ABŞ-nin Ukraynaya verdiyi silahlardan Rusiya ərazilərinə zərbələr endirməsinə cavabdır
Rusiya Kubaya 3 gəmi və 1 nüvə sualtı qayığı göndərir. Kuba Xarici İşlər Nazirliyindən verilən açıqlamada, 3 gəmi və 1 nüvə sualtı qayığından ibarət Rusiya donanmasının dəstəsinin 12-17 iyun tarixləri arasında paytaxt Havanadakı limana səfər edəcəyi qeyd edilib. Kuba ilə Rusiya Federasiyası arasında tarixi dostluğa diqqət çəkən bəyanatda, "Gəmilərin heç biri nüvə silahı daşıyıcısı olmadığı üçün onların ölkəmizdə qalmaları bölgə üçün təhlükə yaratmır. Dost olduğumuz ölkələrin bu cür səfərləri və əməkdaşlıq tarixi təcrübədir”, - deyə bildirib. Açıqlamada rus dənizçilərinin Kubadakı tarixi və mədəni yerləri də ziyarət edəcəyi paylaşılıb. Ölkə mətbuatında dərc olunan xəbərlərdə Rusiya donanmasını təşkil edən gəmilərin “Qorşkov” freqatı, donanma tankeri “Paşin”, xilasedici yedək gəmisi “Nikolay Çiker” və nüvə sualtı qayığı “Kazan” olduğu bildirilib.
Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Rusiya ABŞ-ni qorxutmaq və onunla sövdələşmək üçün Kuba kartı ilə oynayır. Ekspert bildirib ki, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kubaya hərbi gəmilər göndərməkdə məqsədi “uzaq okean zonasının əməliyyat baxımından mühüm ərazilərində” Rusiya donanmasının mövcudluğunu təmin etməkdir. Ancaq bu, sadəcə hadisənin texniki-informasiya görüntüsüdür və əslində, baş verənlərin məqsədi fərqlidir:
"Çünki Rusiyanın Kubaya içərisində raketlər, o cümlədən nüvə başlığı daşıya bilən raketlər göndərdiyi bildirilir. Moskvanın bu qərarı ABŞ-nin Ukraynaya verdiyi silahlardan Rusiya ərazilərinə zərbələr endirməsinə cavabdır. Kreml bununla ABŞ-yə refleksiv cavab tədbirini Kubadan endirə biləcəyi görüntüsünü yaradır. Rusiya Kuba böhranının tarixi yaddaşını xatırlatmağı səylərinin bir hissəsinə daxil edir. Rusiyanın məqsədi ABŞ-də qorxu yaradıb onu Ukraynaya dəstəkdən çəkindirməkdir. Rusiya ABŞ-yə “Ukraynadan əlini çək və həmin ölkənin taleyini sövdələşmə predmeti kimi müzakirə edək” fikrini qorxu yaratmaq aktı ilə ötürmək istəyir. Əslində, Rusiya da, ABŞ də dil tapmaqda maraqlıdır. İyunun 15-də İsveçrədə keçiriləcək Qlobal Sülh Sammiti üçün Qərbdən Ukraynaya təkliflər paketi göndərməsi də həmin fikri təsdiqləyir. Təkliflər paketində Ukraynanın Rusiya ilə məhdud əlaqə saxlaması çağırışlar arasındadır. Amma Kremlin bu məsələdə danışıqlara getməsi ehtimalı azdır və o, indi rəqibi ABŞ ilə müzakirələri üstün sayır".