Müharibənin yaxın perspektivdə ikitərəfli danışıqlara keçməsi gözlənilmir
Qərb artıq öz qoşunlarını Ukraynaya göndərmək qərarına gəlib. Bunu Macarıstanın Baş naziri Viktor Orban “Radio Kossuth”a müsahibəsində deyib. Onun sözlərinə görə, ancaq kor adam AB-dəki hərbi psixozun buna səbəb olacağını görmür: “Bunlar təhdid deyil, artıq faktdır. Siz (jurnalistlər) nəyinsə xəbərini bir ehtimal kimi verəndə, bu, əslində başa çatmış bir sövdələşmə olur. Avropada belə bir hərbi psixozun hökm sürdüyünü ancaq kor adam görmür. Bunun məntiqi nəticəsi Qərb qoşunlarının Ukraynaya göndərilməsi olacaq. AB geri dönüşü olmayan nöqtədən santimetr uzaqdadır. Birlik indi müharibəyə hazırlaşır, özünü ciddi risklərə məruz qoyduğunu dərk etmir, çünki Rusiya ən böyük xammal mənbələrinə malikdir". Orban vurğulayıb ki, Rusiya üçüncü dünya ölkəsi deyil: "Ola bilsin ki, mülki sahədə onun iqtisadiyyatı ABŞ və Çindən geri qalır, amma bu da bütün sahələrdə özünü göstərmir və çox da riskli deyil. Ancaq konkret olaraq hərbi və hərbi-texniki sahə, müharibəni davam etdirmək üçün lazım olan xammal mənbələri, ölkənin ərazisi dünyanın ən böyüyüdür”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ukrayna Qərb silahları vasitəsilə Rusiyanın son aylarda intensivləşən hücumunun qarşısını ala bildi. Ekspertin sözlərinə görə, Qərbin verdiyi silahlarla Kiyev Qara dənizdə və Rusiya ərazisində hərbi hədəflərə dəqiq zərbələr endirir:
"Həmçinin Rusiya qoşunlarının hücum tempini kifayət qədər aşağı salıb. Hazırda Ukraynada Fransa, Almaniya və ABŞ hərbi təlimatçıları hərbiçilərə təlim verilən silahların idarə edilməsində iştirak edir. Yoxsa Ukrayna qısa müddətdə Qərb silahları ilə Rusiyanın kifayət qədər güclü hücumunun qarşısını ala bilməzdi. Rusiya Prezidenti Vladimir Putin Qərbin verdiyi silahların yaratdığı nəticədən narahatdır. Bir neçə aydan sonra Ukraynanın əks-hücum əməliyyatlarını həyata keçirməsi gözlənilir. Xüsusilə, Fransa ordusu Belarusla sərhəddə yerləşərək, buradakı Ukrayna qüvvələrinin əks-hücum əməliyyatlarında iştirak etməsi nəzərdə tutulur. Növbəti əks-hücum əməliyyatlarında F-16 -ların iştirak etməsi mümkün ola bilər. Rusiya-Ukrayna müharibəsinin yaxın perspektivdə ikitərəfli danışıqlara keçməsi gözlənilmir. Rusiya qüvvələrinin məğlub olmasına baxmayaraq, Putin Qərblə anlaşmaya getməyəcək. Tərəflər arasında münaqişənin sülhlə yekunlaşması Ukrayna və Rusiya da prezidentlərin dəyişməsindən sonra mümkün ola bilər".