Avropa Parlamentində çürümüş "elitanı" dəyişmək istəyirlər -ŞƏRH

 Beləliklə 30 ildir əsl liberalizmi təhdid edən, onu sıradan çıxardan "liboşizm" məğlub olacaq


İyunun 6-dan 9-dək Avropa Birliyi ölkələrində Avropa Parlamentinə keçirilən seçkilərdə ümumi seçicilərin 51 faizi iştirak edib. Avropa İttifaqına (Aİ) üzv ölkələrin əksəriyyətində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin üzvü olduğu Avropa Xalq Partiyası (EPP) qalib gəlib. Partiya 181 səs qazanıb. İkinci yeri isə Sosialistlər və Demokratlar tutub. Qeyd edilib ki, bu, ilkin nəticələrdir. Xanım fon der Leyen ifrat sağçı qüvvələrin uğurları fonunda partiyasının “sağ və solun ifratlarına qarşı qala quracağını” söyləyib: "Avropa Xalq Partiyası olmadan heç bir çoxluq yarana bilməz. Biz onları dayandıracağıq. Buna əmin olun". Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası seçkidə 14,4 faiz səslə üçüncü yerdə, Fransa prezidenti Emanuel Makronun İntibah Partiyası isə 15,4 faiz səslə ikinci yerdə qərarlaşıb və rəqiblərinə böyük fərqlə uduzub. Makron partiyasının Avropa Parlamentinə seçkilərdə ifrat sağçı namizədlərə sarsıdıcı məğlubiyyətindən sonra bazar günü parlamenti buraxıb. Parlament seçkilərinin ilk turu iyunun 30-da keçiriləcək. İkinci tur iyulun 7-də baş tutacaq. İfrat sağçı Milli Birlik Partiyasının Fransada keçirilən Avropa seçkilərində 31,5 faiz səslə qalib gələcəyi gözlənilir ki, bu da Makronun liberal İntibah Partiyasının (15,2 faiz) proqnozlaşdırılan qələbəsindən iki dəfə çoxdur. ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden X sosial şəbəkəsində yazıb. Avropa Parlamentinə keçirilən seçkidə hərbi münaqişələri dəstəkləyən siyasətçilər sərt şəkildə cəzalandırılıb: "Bayden üçün yaxşı əlamət deyil. Bəlkə də sülhə şans verməyin vaxtıdır". İspaniyada müxalifətdə olan sağçı Xalq Partiyası qalib gəlib. O, Avropa Parlamentində 22 yer, baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası isə 20 yer əldə edə bilər. Çexiyada “Narazı vətəndaşların aksiyası” mərkəzçi müxalifət hərəkatı qalib gəlib. Beləliklə qoca Avropanın hakimiyyətlərini təmsil edən siyasi partiyalar məğlub oldu. Orbanın və Şərqi Avropanın hakimiyyətlərini təmsil edən partiyalar isə qalib gəldilər. Avropanın əsas dövlətləri sayılan Almaniyada, Fransada və Belçikada hazırki liderlərin partiyaları cuzi fərqlərlə də olsa məğlub oldular. Bu, faktiki siyasi hakimiyyətlərin legitimliklərinin dərəcəsi məsələsini aktuallaşdırır. Əslində, bu nəticə tamamilə məntiqli idi. Çünki Makronun hakimiyyətə gəlməsinin ilk illərindən yığılıb qalmış sosial-iqtisadi problemləri həll etmək, ölkə daxilində yerli əhali və miqrantlar arasında getdikcə şiddətlənən ziddiyyətləri aradan qaldırmaq əvəzinə, “İntibah” partiyasının liderləri, xüsusən də Makron hakimiyyətlə xalq arasında uçurumu daha da genişləndirir, siyasi sistemə daxil olan çağırış və tələbləri qulaqardına vururdu. Bu, həm də, Makron hakimiyyətinin xarici siyasətinin iflası, daim qlobal aktor rolu oynamış Fransanı regional subyektə çevirməsinin nəticəsidir. Belə olan halda, Le Pen bu çağırışı məmnuniyyətlə qəbul etdi və Avropayönlü mərkəzçi “İntibah” partiyasından iki dəfə çox səs toplamağı bacardı.
REaL partiyasının sədr müavini Natiq Cəfərli bildirib ki, Avropa Parlamentinə başa çatan seçkilər sağ və millətçi siyasi qüvvələrin böyük üstünlüyü ilə keçdi. Onun sözlərinə görə, demək olar ki, bütün ölkələrdə sağ, millətçi, mühafizəkarlar yaxşı nəticə göstərdilər: "Əslində gözlənilən idi, illərdir bu haqda danışırdıq, yazırdıq. Bu trend "anti-elita" hərəkatı kimi 10-15 il əvvəl başlamışdı, amma son 5 ildə yaşananlar seçicini boğaza yığdı. Qərbin inkişafına səbəb olan bütün trendləri, təməlləri yıxmağa başladılar, Qərb "sovetləşməyə" başladı. Cinayətkarcasına aparılan "pandemiya" prosesi, çox vacib, insanlıq üçün həyati əhəmiyyəti olan ekoloji problemlərin həlli yerinə "iqlim dəyişikliyi" adı altında insanları axmaq yerinə qoyulması, söz azadlığının "politkorrekt" donu altında boğulması insanları boğaza yığdı. Qərbdə seçki institutu var deyə vətəndaş bu səhvləri düzəltməyə çalışır, etiraz edir, çürümüş "elitanı" dəyişmək istəyir. Beləliklə 30 ildir əsl liberalizmi təhdid edən, onu sıradan çıxardan "liboşizm" məğlub olacaq. İnsan azadlığını, orta sinfi boğmaq olmaz. İndi bir neçə il sağ, millətçi, mühafizəkar dalğa "liboşizmin" fəsadlarını aradan qaldıracaq, amma onlar da aşırı uca yuvarlanacaqlar, sonra yenidən əsl liberal dalğa gələrək onları cəzalandıracaq. Beləliklə siyasətdə "saat kəfkiri" qaydası işləməyə başlayacaq. Son 30 ildə bu qayda işləmirdi deyə fəsadlarlar böyüdü, indi əsl Qərb ayarlarına dönmək vaxtıdır".

Politoloq Turan Rzayev də "Sherg.az"a deyib ki, prinsip etibarilə Avropa Xalq Partiyası seçkilərdə qalib gələcəyi gözlənilirdi. Ekspertin sözlərinə görə, bunun birdən çox səbəbi var: 

"İlk olaraq onu qeyd etmək lazımdır ki, son illərdə Avropada sağmeyilli qüvvələr ciddi yüksəlişə keçib. Bu isə ideoloji böhranla bağlıdır. Daha dəqiq desək, Avropada əsas hakim ideologiya olan liberalizm ciddi böhran içindədir. İdeoloji böhranın əsas səbəbi kimi Rusiya-Ukrayna müharibəsini göstərmək olar. Müharibənin uzanması Avropada enerji, taxıl böhranlarını yaradıb və bu, liberalizmin əsas gücü olan iqtisadiyyata mənfi təsir edir. Bundan başqa, son illərdə Avropaya müsəlmanların axın etməsi qoca qitənin etnik-dini kimliyinin dəyişməsinə səbəb olub. Bütün bu və digər faktorlar öz növbəsində qitədə sağ meylli qüvvələri milliyyətçiləri və ultramilliyyətçiləri aktivləşdirib. Bu gün Avropanın siyasi, sosial və iqtisadi vəziyyəti daha çox XX əsrin 20-30-cu illərini çox xatırladır. Təsadüfi deyil ki, Birinci Dünya müharibəsinin nəticələrindən, iqtisadi, siyasi və ideoloji böhrandan istifadə edən milliyyətçilər İtaliyada Benito Mussolininin (Faşizm), Almaniyada Adolf Hitlerin (Nasizm), İspaniyada Fransisko Franko öndərliyində güc qazandı. Avropa Parlamentinə keçirilən 10-cu seçki də prinsip etibarilə EPP timsalında qoca qitədə ikinci ultramilliyyətçi və sağçıların oyanışı adlandırmaq olar. Mümkündür ki, qarşıdakı illərdə Avropada antisemitizm, islamafobiya, ultramilliyyətçilik, irqi ayrı-seçkilik pik həddə qalxacaq".