Parlamentari: İsveçrədə Qlobal Sülh Sammiti sülh gətirməyəcək

Rusiya-Ukrayna probleminin həllini hədəfləyən bu tədbir birtərəfli addımdır
 
Dünya birliyi bu cür münaqişələri həll etmək istəyirsə, səmimi yanaşma sərgiləməlidir
 
 
 İyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda Ukrayna ilə bağlı sülh konfransının keçirilməsi planlaşdırılır. Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən G7, G20 və BRICS ölkələrini konfransa dəvət edib. Rusiya bu görüşə dəvət olunanlar arasında yoxdur. Bildirilib ki, sammitin məqsədi hər iki tərəfin gələcək sülh prosesinə necə daxil ediləcəyi ilə bağlı yol xəritəsini birgə müəyyən etməkdir. İndiyədək sammit üçün 90 dövlət və təşkilatın qeydiyyatdan keçdiyi bildirilib və dövlətlərin yarısının Avropadan, qalanlarının isə digər qitələrdən olduğu bildirilib. Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano may ayının sonunda verdiyi bəyanatda birliyin sammiti tam dəstəklədiyini və geniş iştirakın təmin edilməsi üçün beynəlxalq tərəfdaşlarla birlikdə çalışdığını bildirmişdi. İsveçrənin xarici işlər naziri İgnasio Kassis deyib ki, Bürgenstok konfransı Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ilk addımdır. Onun sözlərinə görə, Ukrayna üzrə Bürgenstok konfransı uzunmüddətli sülh prosesi üçün ilk addımdır və bütün tərəflərin iştirakını tələb edir: "Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ilk addımdır və bu proses davam edəcək. Biz əminik ki, uzunmüddətli həll yolu bütün tərəflərin iştirakı ilə mümkündür". Rusiyanın dəvət olunmadığı sülh konfransının yekunu ilə bağlı yekun bəyannamənin hazırlandığı da bildirilib. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiyasız konfransın gələcəyi yoxdur: "Bu sammitdə Ukrayna ilə bağlı məsələlərin Rusiyasız müzakirəsi ideyası absurddur". Qeyd edək ki, Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın dövrdə belə konfranslar bir dəfə də olsun keçirilməyib. Heç buna cəhdlər də olmayıb. Bu da Qərbin riyakar siyasətindən, sadəcə, öz maraqlarına uyğun addımlar atmasından xəbər verir.
 
Millət vəkili Vüqar İskəndərov "Sherg.az"a deyib ki, Qərb Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dönəmdə Minsk konfransını təşkil etmədi, ancaq Ukrayna üçün Qlobal Sülh Sammiti keçirmək istəyir. Deputat bildirib ki, hazırda dünya düzənində bir sıra qanlı toqquşmalar və müharibələr var:

 “Rusiya-Ukrayna müharibəsində bu sırada ən aktual hərbi toqquşmalardan biridir. Müharibə başlayandan bu günə kimi tərəflər arasında sülhə nail olmaq üçün bir çox cəhdlər edilib. Lakin bu günə kimi heç bir nəticə əldə edilməyib. Bu həftə Qərb İsveçrədə Qlobal Sülh Sammiti keçirəcək. Lakin Rusiya-Ukrayna probleminin həllini hədəfləyən bu tədbir birtərəfli addımdır və sülhə gətirməyəcək. Dünya birliyi bu cür münaqişələri həll etmək istəyirsə, səmimi yanaşma sərgiləməlidir”. V.İskəndərov qeyd edib ki, səmimi yanaşma deyəndə dünya birliyinin digər məsələlərə də eyni prizmadan yanaşmasını nəzərdə tutur: “Azərbaycan xalqının sualı - bizim torpaqlarımız işğal altında olanda niyə belə konfrans təşkil olunmadı? Münaqişənin həlli ilə bağlı Minsk konfransı təşkil olunmalıydı. Amma Qərb bu addımı atmadı və həmin dövrdəki status-kvonu qorumağa çalışdı. Nəticədə də Azərbaycan hərbi, siyasi vasitələrlə münaqişənin həllinin unikal modelini yaratdı. Bu gün isə Qərb guya Rusiya-Ukrayna problemini həll etmək istəyir. Bu cəhdlər isə yuxarıdakı səbəblər ucbatından birmənalı qarşılanmır. Çünki aparıcı Qərb ölkələri qeyri-səmimi davranışları ilə beynəlxalq arenada etimadı itiriblər”.