“Böyüyən ayaqqabı” dünyaya yayıldı

600 min uşağa ümid oldu

  Həyatı boyunca ayağı ayaqqabı görməmiş insan təsəvvürünüzə gətirə bilmirsinizsə, Afrikanın yoxsulluq içində çabalayan ölkələrinə baxmaq yetərlidir. Keniya, Somali kimi ölkələrin uşaqları bir sıra inkişaf etmiş ölkələrdəki həmyaşıdlarından fərqli həyat tərzi keçirir. İlin 4 fəslini yalın ayaqla keçirirlər. Nə yaxşı ki dünyamızda xeyirxah insanlar var. Onlardan biri Kenton Leedir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu şəxsin 600 min uşağa ayaqqabı geyindirməyə necə nail olduğunu anladır. Kenton Lee 2007-ci ildə ABŞ-nin Northvest Nazarene Universitetini bitirdikdən sonra Keniyaya gedib. O, Nairobidə yetimxanada işləməyə başlayıb. Burada yetim uşaqların ağır həyat şəraitinə şahidlik edib, yüzlərlə uşağın yalın ayaqla çınqıllı yollarla addımladığını, ayaqlarının əzildiyini, canlarının yandığını görüb. Bir dəfə isə yanınca addımlayan bir qız uşağının ayağındakı ayaqqabı diqqətini cəlb edib. Ayaqqabının uşağın ayağına dar olduğunu fərq edib. Ayaqqabı uşağın ayağını sıxmasın, barmaqlar sıxılmasın deyə, ayaqqabının baş ucu kəsilib. Kenton Lee özünə “bu uşaqların rahat ayaqqabılara sahib olmaları üçün nə edə bilərəm”, düşünüb və beynində ideya doğub. K.Lee elə bir ayaqqabı istehsal edilməsini xəyal edib ki, bu ayaqqabı dartınan, genişlənən olsun, uşaqlar onu bir neçə il – ayaqları yaşlarına uyğun böyüdükcə geyinə bilsinlər. K.Lee bu ideyasından heç vaz keçməyib. Onun fikrincə, bir cüt ayaqqabı ilə həyatı dəyişdirmək, uşaqlara sevinc bəxş etmək mümkün idi. K.Lee xəyalında canlandırdığı böyüyə bilən ayaqqabılara “Because” adını verib. İngilis dilindən tərcümədə bu söz “çünki” anlamını verir; uşaqlara böyüyə bilən ayaqqabılar lazımdır, çünki onların ayaqqabı almağa imkanları yoxdur. Bir dəfə onlara veriləcək ayaqqabını bir neçə il geyinə bilsinlər deyə ayaqqabı uşaqlara uyğunlaşmalıdır. K.Lee ideyasını universitetdən tələbə dostu ilə birlikdə gerçəkləşdirməyə qərar verib. Və ABŞ-yə qayıdıb. Onun “böyüyən ayaqqabı” ideyasını həyata keçirməsi tam 6 il çəkib. 2009-cu ildə başladıqları iş 2014-cü ildə 5 ölçü böyüyə bilən ayaqqabıların istehsalı ilə nəticələnib. Ayaqqabı istehsalı ilə məşğul olan “Because International” firması qazanc güdmədən bu işi həyata keçirib. Çalışıblar, mümkün qədər çox uşağa bu ayaqqabılardan hədiyyə etsinlər. Hazırda dünyanın 80 ölkəsində “böyüyən ayaqqabılar” uşaqlara paylanır. 2017-ci ildən bugünədək 70 min ayaqqabı ehtiyaclı uşaqlara çatdırılıb. Bu işi istehsalçı firma könüllülərlə birgə icra edib. K.Lee “böyüyən ayaqqabıların istehsalı üçün 20 dollar yetərlidir. 20 dollarla yüzlərlə uşaq ayaqqabıya sahib ola bilər. 2023-cü ildə 500 cüt ayaqqabı paylamışıq. 2024-cü il üçün hədəflərimiz daha böyükdür”, söyləyən K.Lee sahibkarlara səslənərək layihəyə dəstək vermələrini istəyib.