Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonda NATO sammiti çərçivəsində Amerika lideri Co Baydenlə görüşdən məyus olub.
Bu barədə “Politico” məlumat yayıb.
Zelenskinin narazılığına səbəb Baydenin Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaması olub.
Jurnalistlərin fikrincə, Bayden Ukrayna liderinə bu məsələ ilə bağlı danışıqları davam etdirməyin zəruri olduğunu deyib.
Lakin qeyd edilir ki, bu bəyanat Ukraynanın gələcəkdə Rusiya ərazisində Amerika silahlarından istifadəsinə icazə verilməyəcəyi anlamına gəlmir. Eyni zamanda, Baydenin cavabı göstərir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə hücum icazəsi hələ çox uzaqdadır.
Mövzunu “Sherg.az”a dəyərləndirən politoloq Cümşüd Nuriyev söyləyib ki, Zelenskinin Ukraynada hakimiyyətə gəlməsi bir layihə idi:
“Həmin layihənin arxasında isə təkcə Amerika Birləşmiş Ştatları, Fransa durmur, eyni zamanda burada Rusiyanın barmağı da görünür. Rusiya öz maraqlarını təmin etmək üçün Fransa və Amerikadakı müəyyən dairələrin üzərindən bu addımı həyata keçirdi. Beləliklə, Rusiya istədiyinə nail oldu. Çünki dünyada resurslarının ehtiyatına görə birinci yerdə Rusiya dayanır. Təxminən 65 trilyon dollarlıq resurslarına görə ikinci yerdə ABŞ, üçüncü sırada Çin yer alır. Resursları belə ardıcıllıqla qoysaq, birinci onluğa girənlərdən biri də Ukrayna olacaq. Ukraynanın resursları 15 trilyon dollardır. Bu resursları bölüşdürmək üçün isə Ukrayna parçalanmalı idi. Ona görə də Zelenski kimi siyasətdən uzaq şoumeni rəhbərliyə gətirməklə Ukrayna hakimiyyətini məhv etdilər. Hazırda hesablamar göstərir ki, Ukrayna dövlət olmaqla yanaşı, millət kimi də bitəcək. Rusiyaya da elə bu lazım idi. Co Baydenin ağlı yerində deyil və psixi problemləri var. Əgər Rusiya ilə razılaşdırılmasa idi, ABŞ çoxdan Ukraynanın əliylə uzaqmənzilli raketlər və müasir silahlardan istifadə edərdi. Sözügedən proses pərdəarxası razılaşmaya uyğun olmadığına görə ABŞ buna icazə vermir”.
Ekspert qeyd edib ki, “Politico” jurnalının yaydığı xəbər “Ağ Ev”in içərisindən gələn məlumatlardır:
“Qadağaları ABŞ aradan qaldırmayacaq, çünki bu əvvəlcədən razılaşdırılan ssenaridir. Avropada NATO ölkələrinin üzvlük haqqı kifayət qədər artırıldı. ABŞ silahlarını satdı və lazım olan miqdarda götürdü. Digər tərəfdən Rusiya öz müasir silahlarını, yeni texnikalarını canlı qüvvələrin üzərində sınaqdan keçirdi. ABŞ və Avropanın digər dövlətlərinə lazım olmayan silahların hamısı Ukraynanın ərazisinə daşındı. Çünki həmin silahların utilizasiyası böyük pul aparacaqdı. Eyni addım Rusiya tərəfindən də atıldı. Beləliklə, ortada olan Ukrayna xalqına oldu”.