NATO nəhənginin 21-ci əsrin fərarisi ilə təlimi: ABŞ Ermənistanı nəyə cəsarətləndirir? -AÇIQLAMA

Son zamanlar ABŞ və Ermənistan arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənir. Bu, hərbi sahədə daha çox nəzərə çarpır. Son bir ildə amerikalı hərbi təlimçilər dəfələrlə Ermənistanda erməni hərbçilərə təlim keçiblər. Belə ki, Ermənistan və ABŞ ordularının "Eagle Partner 2024" hərbi təlimləri başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər iyulun 24-dək davam edəcək. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin və başqaları iştirak ediblər.
Papikyan çıxışında qeyd edib ki, beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirir.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.

ABŞ və Ermənistan arasındakı hərbi təlimləri “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu daha çox siyasi məqsədlər daşıyan tədbirlərdir: 

“NATO-nun ən güclü dövləti olan Amerika Birləşmiş Ştatları ilə KTMT-nin ən zəif bəndi olan və 21 əsrin fərari ölkə statusunu daşıyan Ermənistanla təlimlərin keçirilməsi heç bir hərbi əhəmiyyətə malik fəaliyyət deyil. Hərbi təlimlər Rusiyanı Ermənistan ərazisindən çıxarmağa hesablanıb. Eyni zamanda Türkiyə və Azərbaycana qarşı yönəlib. Paralel olaraq sözügedən fəaliyyətlərin Ermənistanda revanşist qüvvələri aktivləşdirməsi də gözləniləndir. Eyni zamanda, hərbi təlimlər Ermənistanda daxili auditoriyanı sakitləşdirmək və yeni təhlükəsizlik çətiri üçün ABŞ-lə əməkdaşlığın müsbət görüntülərini yaratmaq məqsədi daşıyır. İstənilə halda həmin təlimlər Ermənistanı sülh sazişindən yayınmağa və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə cəsarətləndirə bilər. Bu isə regionda növbəti gərginliyin yaranmasıyla nəticələnəcək”.