Yeni sui-qəsd iddiası:  Amerikada Donald Tramp kimi siyasətçisini öldürmək asan olmayacaq -ŞƏRH

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti həftələrdə yeni sui-qəsd cəhdləri ola bilər.
Bu barədə “Politiko” yüksək rütbəli amerikalı məmurlara istinadən məlumat yayıb.
Nəşr İran tərəfdən Trampa qarşı sui-qəsd planlarının olması barədə kəşfiyyat məlumatına da istinad edib.

Qeyd edək ki, İran CNN-in yaydığı məlumatı qətiyyətlə təkzib etmişdi. 

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, sözügedən ehtimal hər zaman aktuallığını qoruyub:
“Bundan əvvəl də dünyada bir çox şəxslərə qarşı sui-qəsd cəhdlərinin edildiyini görmüşük. Həmin insanlar dünya siyasəti üçün önəmli və kilit şəxslərdir. Məsələn, İngiltərə Baş nazirlərinə qarşı radikal müstəvidə sui-qəsd cəhdləri ilə qarşılaşmırıq. Çünki İngiltərədə ümumi dövlət maraqları var və gələn bütün şəxslər həmin sistemə əməl etməlidir. Türkiyə, Rusiya, Çin, ABŞ və digər ölkələrdə isə mövcud sistem belə deyil. Donald Tramp Amerika liderləri içərisində sistemin qoyduğu qaydaları aşmağı bacaran və ölkə siyasətinə müəyyən çalar qata bilən şəxsdir. Bu isə ölkə daxilində və xaricində xoş qarşılanmır. Xaricdə belə addımları normal qarşılamayan tərəflərdən birincisi İrandır. Trampın İrana qarşı antipatiyası olduğunu görürük və o, Amerika dövlətinin gücünü hər zaman birbaşa rəsmi Tehrana qarşı yönəldəcək potensiala sahib liderdir. Co Bayden iqtidari isə İrana sərf edir. Çünki Bayden diqqətini Asiya və Sakit Okean höfzəsinə və Rusiya istiqamətinə yönəltdi. Bu isə İranın Amerika hədəfləri sırasında ikinci plana düşməsi demək idi”.

Ekspert qeyd edib ki, Donald Trampa qarşı yenidən sui-qəsd cəhdlərinin olması mümkün hadisədir:
“Amma Donald Tramp Amerika siyasətçisidir və Prezidentliyə namizədlərdən biridir. Hazırki statistikaya görə onun qalib gəlmə şansı çoxdur. Ona görə də Amerika dövləti heç vaxt prezidentlik üçün əsas namizədini kənar dövlətlərə asanlıqla yem etməz. Belə olan halda İran nə qədər cəhd göstərsə də, Amerikada Donald Tramp kimi siyasətçisini öldürmək asan olmayacaq. Belə kritik məqamda, hətta prezident seçkilərində qələbə çaldıqdan sonra belə Donald Trampın ani ölümü Amerikanın dünya üzərindəki ağalığını sarsıdar. Bunların fonunda Tramp daha ciddi şəkildə qorunacaq”.