İrəvan güclü təzyiq altındadır -ŞƏRH

Eksperimentlərin növbəti hədəfi Ermənistandır
 
Ukrayna variantının Ermənistanda təkrarlanmayacağına heç kim qarantiya verə bilməz
 
 
 İrəvanda Ermənistanla ABŞ-nin birgə keçirdiyi “Eagle Partner 2024” hərbi təlimləri davam edir. İyulun 15-dən start verilən hərbi təlimlər ayın 24-dək sürəcək. Qeyd olunub ki, təlimlərin məqsədi erməni silahlı qüvvələrini təkmilləşdirmək, döyüş bacarıqlarını artırmaqdır. Ermənistanın müdafiə naziri Suren Papikyan utanıb-qızarmadan  sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Görünən odur ki, ABŞ belə təlimlərlə Ermənistanı militarizasiyaya, yeni hərbi kampaniyaya həvəsləndirir. Müxtəlif don geyindirilmiş bu təlimlərin Azərbaycanın yeni reallıqlar yaratdığı Cənubi Qafqazda sabitliyi pozmağa hesablanması danılmazdır. Bir tərəfdən iki ölkə arasında sülhdən dəm vuran ABŞ-nin belə addımlar atması Vaşinqtonun sülh niyyətinin səmimi olmadığını göstərir. Ağ Ev də Ermənistanı silahlandırmaqda davam edən Fransa kimi regionda gərginlik yaratmaqda, revanşist qüvvələr arasında müharibə əhvali-ruhiyyəsinin saxlanılmasında maraqlıdır. Qeyd edək ki, bu, ABŞ-nin Ermənistanla keçirdiyi ilk təlim deyil. Ötən ilin sentyabrında “Eagle Partner” təliminin birincisi keçirilmişdi. Amma nədənsə, Cənubi Qafqazın bəzi ölkələri okeanın o üzündəki dövlətin bu fəallığına göz yummaqda davam edir. Başı Ukraynaya qarışan Rusiya bununla bağlı arada bəyanatlar verir, rəsmi Tehran isə ümumiyyətlə səsini çıxartmır. Halbuki NATO artıq onun sərhədlərinə yerləşir.

 Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az”a açıqlamasında deyib ki, ABŞ və erməni hərbçilərinin Ermənistanda birgə təlim keçirmələri, region ölkələri üçün müsbət nəsə vəd etmir. Deputatın sözlərinə görə, əksinə, Cənubi Qafqaz kimi həssas bölgədə əlavə gərginliklərin yaranmasına səbəb ola bilər:
 "Məlumdur ki, kollektiv Qərb-Rusiya qarşıdurması fonunda ABŞ öz geosiyasi maraqlarını Qafqazda təmin etmək üçün Rusiyanı maksimum təcrid etməyi planlaşdırır. Ermənistanla Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa çağıran ABŞ, digər tərəfdən birinci ilə hərbi əməkdaşlığı genişləndirir. Bəllidir ki, təlimlər elə-belə keçirilmir. Hər birisinin konkret məqsədi, məramı var. Məsələ ondadır ki, Qərb qonşu Gürcüstanla bağlı planlarını həyata keçirə bilmədi. Gürcüstan siyasi hakimiyyəti real vəziyyəti düzgün qiymətləndirməklə, suverenliyini qoruyub saxlamağı bacardı. Eksperimentlərin növbəti hədəfi Ermənistandır. Ukrayna variantının Ermənistanda təkrarlanmayacağına heç kim qarantiya verə bilməz".

Parlament üzvü vurğulayıb ki, payızda Amerika Birləşmiş Ştatlarında keçiriləcək seçkilərdə respublikaçıların qələbə çalacağı təqdirdə bu ehtimal daha da güclənir:
 "Tramp erməni diasporasından maliyyələşməyən siyasətçilərdəndir. O, daha çox Amerikadaxili problemlərin həllinə üstünlük verir. Demək olar ki, başqa dövlətlərin daxili işlərinə qarışmır. Ona görə də Ermənistanın növbəti dəfə maşa rolunu oynaması risklidir. İlk növbədə özü üçün. Balaca bir Ermənistanda iki qlobal gücü qarşı-qarşıya qoymaq son dərəcə təhlükəlidir. Ermənilərin Prezident İlham Əliyevdən öyrənməli çox şey var. Azərbaycan kimi, geosiyasi maraqların toqquşduğu ərazidə, müxtəlif təzyiqlər altında, dövlətin bütövlüyünü qoruyub saxlamaq, müstəqil siyasət aparmaq, inkişaf etdirmək, gücləndirmək zərgər dəqiqliyi tələb edir. Tarix göstərdi ki, kiməsə arxalanmağın nəticəsi yaxşı olmur. Balanslaşdırmağı və qızıl ortaq nöqtəni tapmağı bacarmaq lazımdır".