Hələ bir müddət Qərb koalisiyası müharibəni davam etdirəcək
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının iclasları çərçivəsində Ukrayna böhranının həlli üçün danışıqların təşkili ilə bağlı yeni imkanları araşdırır. Onun sözlərinə görə, xarici işlər naziri Sergey Lavrovla görüşənlər Küveyt, Bəhreyn, İran, Macarıstan, həm də İsveçrə XİN rəhbəridir: "Görüş İsveçrə tərəfinin istəyi ilə baş tutub. Bu da sualın cavabı. Onlar, sözsüz ki, yeni imkanlar axtarır". Zaxarova əlavə edib ki, Qərb Rusiyanı danışıqları pozmaqda ittiham edib, öz formatlarını təşkil edir, lakin bunun nəticə vermədiyini başa düşüb: “Zelenskinin “sülh formulu” heç bir yerdə irəliləməyəcək. Bu, sülh formulu deyil. Onu dəstəkləmək üçün edilən hər şey - konfranslar, sammitlər, forumlar - tamamilə dalana dirəndi”. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Polişuk də deyib ki, Rusiya nə Qərb, nə də Kiyevdən Prezident Vladimir Putinin sülh təşəbbüsü ilə bağlı qeyri-ictimai siqnal alıb: "Rusiya prezidentinin sülh təşəbbüsünə Ukrayna tərəfinin reaksiyası kəskin mənfi olub və yalnız ictimai məkanda eşidilib. Biz bu təkliflərlə bağlı Kiyevdən, o cümlədən üçüncü tərəflərdən heç bir siqnal almamışıq".
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bildirib ki, “Rusiyanın təhlükə kimi qəbul etdiyi şey onun sərhədlərində fəaliyyət göstərən demokratiyadır. Bu isə sadəcə olaraq legitim nəticə deyil. ABŞ rəsmisi hərbi təhlükənin olmadığını, heç kimin Rusiya ərazisini işğal etməklə hədələmədiyini, ona görə də Lavrovun Qərbdən gələn təhlükə ilə bağlı fikirlərini rədd etdiklərini qeyd edib. Miller Vaşinqtonun Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi üçün Kiyevlə işlədiyini vurğulayıb. Qeyd edək ki, Lavrov BMT TŞ-də çıxışı zamanı Moskvanın Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmağı təklif etdiyini bildirib. O vurğulayıb ki, siyasi və diplomatik nizamlanmanın Qərb və Avro-Atlantik istiqamətdən Rusiyaya qarşı təhdidlərin ortadan götürülməsi üçün konkret addımlarla müşayiət olunması vacibdir.
Politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a deyib ki, “NATO-nun Zirvə sammitində Ukrayna və Rusiya ilə bağlı alınan qərarlar Rusiyanın strateji məğlubiyyətinə hesablanıb. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib və bu müharibə dünyanın siyasi nizamını şəkilləndirəcək:
"Hələ bir müddət Qərb koalisiyası müharibəni davam etdirəcək. Artıq Rusiya-Ukrayna müharibəsi Qərbin Kollektiv şəkildə birləşməsinə, NATO-nun da inkişaf etməsinə gətirib çıxarıb. ABŞ məhz bunu planlaşdırırdı. Göründüyü kimi, ABŞ strateji planını həyata keçirməklə dünyada siyasi nizam yaratmaq istəyir. Bu müharibə dünyanın siyasi nizamını şəkilləndirəcək. Birqütblü dünyanın yaranması üçün ABŞ və NATO mühüm addımlar atacaq. Düşünürəm ki, NATO-nun yardımları və Qərbin bu istiqamətdə birləşməsi Rusiyanın taktiki və strateji məğlubiyyəti ilə nəticələnəcək. Rusiyanın imkanları getdikcə zəifləməkdədir. Qərb nə atəşkəs, nə də sülh üçün heç bir danışıqlara getməyəcək”.