Ermənistanın çətir axtarışı: Qartal İrəvanı caynağına alır -ŞƏRH

ABŞ ordusunun rəsmi nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq”.
Bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Ezra Zeyan “Hetq” nəşrinə müsahibəsində deyib.

ABŞ rəsmisi bunu Vaşinqton və İrəvan arasında əməkdaşlıq üçün müsbət addım adlandırıb:

“Bu, çox xoş hadisədir. Biz ABŞ və Ermənistan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu, həm də Vaşinqton-İrəvan münasibətlərində yeni strateji tərəfdaşlıq mərhələsinə keçidə işarədir”.


Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev söyləyib ki, Ermənistanla Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik və müdafiə əməkdaşlığı rəsmi İrəvanın yeni təhlükəsizlik çətiri axtarışlarının səbəbi kimi qiymətləndirilməlidir:

“Ermənistan Rusiya ilə münasibətləri özünün gələcək təhlükəsizliyinin təminatı baxımından sıfırlamağa niyyətlidir. Əgər həmin proses baş tutsa, müəyyən boşluq yaranacaq. Amerika və Fransa gələcəkdə Ermənistanın mümkün ola biləcək Avro-Atlantik məkana inteqrasiyası üzərindən NATO strukturlarında təmsil olunması üçün qərarlaşa bilərlər. Amerika üçün əsas məsələ coğrafiyadır. ABŞ rəsmi İrəvanla strateji müttəfiqlik səviyyəsində münasibətlərini belə davam etdirsələr, NATO-nun qüvvələrini Ermənistanın ərazisində yerləşdirmək ehtimalı yaranır. Bu isə region ölkələri üçün narahatedici məqamdır. Xüsusilə də İran üçün təhlükəlidir. Digər tərəfdən bu nüans Azərbaycan üçün də arzuolunmaz məsələdir. Həmin mərhələni keçmək üçün ABŞ və Ermənistan birgə təlimlər keçirirlər. Eyni zamanda Amerika Birləşmiş Ştatları ordusunun nümayəndəsini Ermənistan Müdafiə Nazirliyinə göndərdilər. Amerika Ermənistan ordusundakı dəyişikliklərini onu Rusiya modelindən qopararaq, NATO modelinə uyğunlaşdırmaqla həyata keçirəcək. Lazım gəldikdə isə Ermənistanın NATO və Avropa Birliyinə üzvlüyü üzərindən onun təhlükəsizliyini NATO-nun qüvvələri qoruyacaq. Azərbaycan, Gürcüstan və Ermənistanın yerləşdiyi region Rusiya-Ukrayna müharibəsinin nəticəsinə görə çox strateji bölgəyə çevrilib. Ona görə də bu bölgəyə kim hakim olacaqsa,  kommunikasiyaları həmin qüvvələr icra edəcək. Rusiya və ABŞ-nin Ermənistan üzərindən informasiya cəbhəsi müharibəsi gedir. Rusiyanın Ukraynada savaşa başı qarışdığına görə Ermənistan belə cəsarətlənir”.

Qeyd edək ki, ABŞ və Ermənistan orduları “Eagle partner 2024” birgə təlimi keçirirlər.