Pezeşkianın dövründə ABŞ və İran münasibətlərində irəliləyişlərin olması gözləniləndir -PROQNOZ

ABŞ prezidenti Co Baydenin administrasiyası keçən ay İranın nüvə silahı istehsal etmək üçün istifadə edilə biləcək tədqiqat və istehsal ilə bağlı ciddi narahatlığını bildirib.

Bu barədə "Axios" portalı ABŞ və İsraildən olan məlumatlı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, təxminən mart ayında ABŞ və İsrail kəşfiyyat agentlikləri iranlı alimlərin nüvə silahı hazırlamaq üçün istifadə oluna biləcək kompüter modelləşdirməsi və metallurgiya tədqiqatları ilə məşğul olduqlarına dair məlumat əldə ediblər.

"Rəsmi şəxslər bunun İranın ABŞ-də prezident seçkiləri öncəsi dövrdən nüvə silahı əldə etmək üçün istifadə etmək üçün gizli səylərinin bir hissəsi ola biləcəyindən narahatdırlar", - deyə portal qeyd edib. 

Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib ki, Amerika Birləşmiş Ştatlarında seçki öncəsi İran müəyyən aktivlik göstərməyə çalışır: 

“Bu addım isə başa düşüləndir. Çünki İran həmin dövrdə amerikalı rəsmilərin başlarının seçki prosesinə qarışacağını düşünür. Ona görə də nüvə silahı məsələsində kompüter modelləşdirməsi və metallurgiya tədqiqatlarıni gücləndiriblər. ABŞ-də İranın bundan istifadə edərək nüvə ehtiyatlarını zənginləşdirə bilmə ehtimalından çəkinir. Buna görə də sözügedən məsələdə daha kəskin mövqe tutmağa çalışır. İranın yeni Prezidenti Məsud Pezeşkian daha islahatçı və reformist şəxs sayılır. O, seçkilərdən öncə Qərblə danışıqları bərpa etməyə hazırlaşdığı ilə bağlı açıqlamalar vermişdi. Belə olan halda Məsud Pezeşkianın dövründə ABŞ və İran münasibətlərində müəyyən irəliləyişlərin olması gözləniləndir. Yəni hansısa addımın iki ölkə əlaqələrini daha da kəskinləşdirəcəyini düşünmürəm”.