Politoloq: Tramp yenidən prezident seçilmək istəyir

Bunun üçün bütün riskləri alacaq


  Prezidentliyə  namizəd, ABŞ-nin eks-prezidenti Donald Trampa qarşı yenidən sui-qəsd təşkil edilə biləcəyinə dair iddia yayılıb. Diqqətçəkən məqam isə sui-qəsdin İran tərəfdən törədiləcək olmasıdır. Əsas arqument budur ki, İran 2020-ci ildə qətlə yetirilən Qüds qüvvələrinin komandanı general-mayor Qasım Süleymaninin ölüm əmrinin birbaşa Donald Tramp tərəfindən verildiyini əsas gətirərək onun yenidən prezident seçilməsini istəmir. Buna görə də yaxın vaxtlarda ona qarşı sui-qəsd təşkil edəcək. 

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, İran sui-qəsdlər məsələsində kifayət qədər təcrübəyə sahibdir. Lakin Tehranın sırf Qasım Süleymaninin ölümü zamanı Trampın prezident olmasını əsas gətirib, ona sui-qəsd təşkil etməsi inandırıcı deyil:
 "Tehran bu qədər qeyri-peşəkar hərəkət etməz. Ümumiyyətlə, bu iddia yüksəkrütbəli amerikalı məmurlara istinadən yayılıb. Onların kimliyi bəlli deyil. Lakin iddianın əsl məqsədi haqda fikir irəli sürmək olar. Əslində, diqqətçəkən bir məqam da iddianın məhz Donald Trampa sui-qəsddən qısa zaman sonra irəli sürülməsidir. Məsələ ondadır ki, sui-qəsddən sonra Trampın reytinqi yüksəlib. O, hadisədən seçki kampaniyasında geniş şəkildə istifadə edir. Bu isə yalnız Bayden və tərəfdarlarını narahat edə bilərdi. Mümkündür ki, elə iddia da məhz Bayden komandası tərəfindən mediaya sızdırılıb. Bu yolla onlar iki şeyə nail olmaq istəyirlər. Donald Tramp sui-qəsddən sonra seçicilər ilə daha sıx görüşür, mitinqlərə qatılır. Qorxmaz obraz yaradan Tramp bu yolla reytinqini artırır". 
 
 Analitikə görə, Trampa qarşı yeni sui-qəsdin olacağı iddiasını irəli sürərkən Bayden komandası onu qorxutmaq, meydanlara gəlməkdən çəkindirmək istəyir: 
"Trampın elektoratı günü-gündən artır. Hər mitinqdə daha çox insan ona dəstək verməyə gəlir. Sui-qəsd iddiasının irəli sürülməsinin bir səbəbi də məhz bu kütləni qorxutmaq, təşviqat mitinqlərində kütləviliyin qarşısını almaqdır. Xüsusilə İran faktoru dövriyyəyə buraxılaraq ehtimal sui-qəsdin kamikadze şəklində kütləvi hal ala biləcəyi mesajını verir. Tramp təbiət etibarilə həm də şoumendir. ABŞ-də şoular isə həm də risklidir. Tramp yenidən prezident seçilmək istəyir və bunun üçün bütün riskləri alacaq. Yəni bu iddialar onu qorxutmaqdansa, daha da motivasiya edəcək".