Trampın şansı daha yüksəkdir -PROQNOZ

Kamala Harris güclü namizəd deyil, onun reytinqləri hər zaman aşağı olub
 
“Amma məsələ ondadır ki, ABŞ-də seçkiləri siyasi texnologiyalar həll edir. Yəqin ki, siyasi texnoloqlar K.Harrisin reytinqini artırmaq üçün müəyyən gedişlər edəcəklər”
 
 
 ABŞ-də prezidentliyə namizəd Cozef Bayden seçki yarışından geri çəkilib. Namizədliyini geri götürən Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb. ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, vitse-prezident Kamala Harrisi məğlub etmək Co Baydeni məğlub etməkdən daha asan olacaq. Kamala Harris prezidentin təsdiqini almaqdan şərəf duyduğunu deyib: "Bu namizədliyi qazanmaq və qalib gəlmək niyyətindəyəm. Seçkiyə 107 gün qalıb. Biz birlikdə mübarizə aparacağıq. Və birlikdə qalib gələcəyik". ABŞ-nin keçmiş prezidentləri Barak Obama və Bill Klinton Prezident Co Baydenin seçki yarışından geri çəkilməsi ilə bağlı açıqlama veriblər. Bill Klinton və həyat yoldaşı Hillari Klinton verdikləri yazılı açıqlamada, prezidentliyi dövründə böyük uğurlar qazandığını bildirən Baydenə təşəkkür ediblər. Respublikaçılar Partiyasının namizədi Donald Trampın yenidən prezident seçilməsi ehtimalının dərin narahatlıq doğurduğunu bildirən Klinton cütlüyü ABŞ-nin vitse-prezidenti Kamala Harrisi tam dəstəklədiklərini bildiriblər. Keçmiş Prezident Barak Obama da verdiyi yazılı açıqlamada Baydenin ABŞ tarixinin ən mühüm prezidentlərindən biri olduğunu bildirib. Obama, Baydenin 4 ilə yaxındır ölkəni Donald Trampın prezidentliyindən “qoruduğunu” qiymətləndirərək, Baydenin bu seçkidə də risklərin fərqində olduğunu bildirib. Harrisin namizədliyini açıq şəkildə dəstəkləməyən Obama "önümüzdəki günlərdə bir qədər naməlum sularda üzəcəyik, amma partiya liderlərimizə tam güvənirəm" deyib. Məlumat üçün bildirək ki, Kamala Devi Harris 1964-cü ildə Kaliforniyanın Oklənd şəhərində anadan olub. Atası Stanford Universitetinin iqtisadçı professoru Donald J.Harris, anası xərçəng araşdırmaları mütəxəssisi Şyamala Gopalandır. Atası Yamayka, anası Hindistan əsillidir. Vitse-prezident olmuş ilk afroamerikalı qadındır. 2003-cü ildə San Fransisko şəhərinin prokuroru, 2010-cu ildə isə Kaliforniyanın Baş prokuroru olub. ABŞ-də “Attorney General” adlandırılan bu vəzifə həm də ədliyyə naziri vəzifəsini özündə birləşdirir. 2016-cı ildə Demokratlar Partiyasından senator seçilib. Vitse-prezident olanadək Kaliforniyanın senatoru olub. Ölkənin ilk qaradərili qadın senatoru olan Harris həm də ilk hind əsilli senatordur. 2020-ci ildə prezident seçkilərində Demokratlar Partiyasından namizəd olan Harris uğur qazana bilmədiyi üçün geri çəkilib. Baydenin namizədliyini geri çəkməsindən sonra sabiq Prezident Donald Trampın əsas rəqibi hesab edilir. Son sorğulara görə, Tramp Harrisi qabaqlasa da, onun reytinqi Baydendən daha yüksəkdir. Rusiyadan da Baydenin geri çəkilməsinə reaksiyalar gəlib. Kremlin sözçüsü Dmitri Peskov Baydenin namizədliyini geri çəkməsi ilə bağlı deyib ki, ABŞ-də prezident seçkilərinə hələ 4 ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun bir müddətdir: "Səbirli olmalı və bundan sonra nə olacağını diqqətlə izləməlisiniz. Bizim üçün prioritet öz məqsədlərimizə çatmaqdır". Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə bildirib ki, ABŞ Prezidenti Co Bayden seçilməyəcəyini anlayaraq qorxaqcasına seçki kampaniyasından qaçdı: “Bayden kimilər sanksiyalar, Ukraynadakı müharibə, Avropa ölkələrinin iqtisadiyyatlarının məhv edilməsi, Kuba xalqına edilənlərdən dolayı məsuliyyətə cəlb olunmalıdır”.
 
Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, Bayden həm yaş etibarı ilə yaşlı idi, həm də fiziki baxımdan nümayişkaranə şəkildə zəifləmişdi. Ekspertin sözlərinə görə, Bayden nə dediyinin, nə etdiyinin fərqində deyildi və onun bu davranışları ciddi suallar, problemlər yaradırdı:
 
"Baydenin ətrafındakılar da artıq ona təzyiq göstərməyə başlamışdılar ki, namizədliyini geri çəksin. Hətta ailəsi də israrla bunu tələb edirdi. Çünki belə vəziyyətdə nəinki növbəti dörd ildə ölkəni idarə etmək, seçki kampaniyasında iştirak etmək belə qeyri-mümkün hala gəlirdi. Demokrat Partiyasında Baydenin tərəfdarları çox olsa da, partiyanın aparıcı fiqurları onun əleyhinə idi. Klinton ailəsi, Barak Obama və digərləri də başa düşürdülər ki, belə namizədlə çox uzağa getmək mümkün olmayacaq. Baydenin geri çəkilməsini bir növ "dövlət çevrilişi" kimi də qiymətləndirmək olar. Təzyiq vasitəsilə Baydeni namizədlik və növbəti prezidentlik fikrindən daşındırdılar. Yenə deyirəm, Bayden bunu öz xoşu ilə etmədi, məcbur qaldığı üçün belə bir addım atdı".

 İ.Vəlizadə əlavə edib ki, Trampın şansının daha da yüksəldiyini söyləmək mümkündür: 
"Çünki Kamala Harris bir o qədər də güclü namizəd deyil. Onun reytinqləri hər zaman aşağı olub. Dörd il ərzində Harris heç bir prosesdə özünü göstərməyib, vacib siyasi aksiyalarda iştirak etməyib. Başqa formada hansısa əməli işlərlə gündəmə gəlməyib. O baxımdan reytinqinin çox olduğunu demək olmaz. Amma məsələ ondadır ki, ABŞ-də seçkiləri siyasi texnologiyalar həll edir. Yəqin ki, siyasi texnoloqlar K.Harrisini reytinqini artırmaq üçün müəyyən gedişlər edəcəklər".