ABŞ və Avropa İttifaqına qarşı çoxqütblü dünyanın formalaşmasında Ankara vacib amildir
Türkiyənin xarici işlər naziri Hakan Fidan bir müddət əvvəl Çinə səfəri zamanı Pekindən sonra uyğur türklərinin yaşadığı Sincan bölgəsinə də səfər etmiş, yerli sakinlərlə görüşmüşdü. Ankaranın Pekindən uyğur siyasətinə yenidən baxmaq tələbi beynəlxalq aləmin diqqətini çəkib. Hakan Fidan Pekindəki çıxışı zamanı Çin hakimiyyətini Sincan əyalətindəki uyğur müsəlman azlığının mədəni hüquqlarına hörmət etməyə çağırmışdı. Ekspertlərə görə, bu çağırış, prezident Rəcəb Tayyib Ərdoğanın son illərdə uyğur məsələsi ilə bağlı qəbul etdiyi ehtiyatlı yanaşmadan əhəmiyyətli dərəcədə uzaqlaşdığını göstərir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Türkiyə üçün Çinlə iqtisadi əlaqələri üst səviyyədə saxlamaq vacibdir. Ekspertin sözlərinə görə, Çin Türkiyədə elektriklə çalışan avtomobil zavodu tikməyi planlaşdırır:
"Buna baxmayaraq, Türkiyə hökuməti və siyasi partiyalar uyğurların hüquqları mövzusundan imtina etmirlər. Müxalifət partiyalarının tanınmış liderləri, o cümlədən Ərdoğanın ortağı Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı çıxışlarında zaman-zaman uyğur mövzusuna toxunurlar. Türkiyə hökuməti bu mövzuda ictimai rəylə də hesablaşır. İslam dünyasında uyğur mövzusunu gündəmdə saxlamağa çalışan əsas dövlət Türkiyədir. 2019-cu ildə BMT-də Pekini bir milyondan çox uyğura “işgəncə verməkdə” qınaması Ankara ilə Pekin arasında ciddi gərginliyə səbəb olmuşdu. Bu gərginlik arxada qalsa da, Ankara uyğur mövsusundan imtina etmir. Çünki Çini illər uzunu tərk edən uyğurların bir hissəsi Türkiyədə sığınacaq tapıb. Türkiyə 1950-ci illərdən bu yana təqiblərdən qaçan uyğurlar üçün əlverişli məkana çevrilib. Hazırda Türkiyədə yaşayan təxminən 50 min uyğur Çindən kənarda ən böyük uyğur diasporudur".
Analitik vurğulayıb ki, ABŞ, bir sıra Avropa ölkəsi, o cümlədən Yaponiya da uyğurların hüquqlarının qorunması mövzusuna diqqət ayırırlar:
"Pekin bu mövzuda bütün tənqidləri rədd edib. Ankara uyğur mövzusunu diqqətdə saxlasa da, Çinlə münasibətlərin gərginləşməsini istəmir. Türkiyə ilə münasibətlərin gərginləşməsi Pekinin də maraqlarına cavab vermir. Bəlkə buna görə, Pekin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Pekinlə yanaşı uyğurların yaşadığı bölgəyə də səfərinə icazə verib. Pekin Türkiyəni Avrasiya bölgəsinin əsas dövlətlərindən biri kimi qiymətləndirir, bu dövlətə “bir kəmər, bir yol” təşəbbüsündə önəmli rol ayırır. Digər tərəfdən Pekin ABŞ və Avropa İttifaqına qarşı çoxqütblü dünyanın formalaşmasında da Türkiyəyə ümid edir. Bu arada, Çin Kommunist Partiyası 800 milyon insanı yoxsulluqdan xilas etdiyini bəyan edib. Çində ucuz içşi qüvvəsi hesabına artan istehsal diqqətdən yayınmayıb. Çin adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünya miqyasında 74-cü yerdədir. İqtisadi durumlarından narazı qalanlar içərisində uyğurlar da var. Başqa bir narazılıq uyğur adlarının dəyişdirilməsiylə bağlıdır. Müxtəlif mənbələrə görə, Sincanda uyğurlar üçün dini, tarixi və mədəni məna daşıyan 630-a yaxın kəndin adı dəyişdirilib".