Ermənistan Hindistan silahlarının ən böyük alıcısına çevrilib.
Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi iqtisadi hesabatda bu barədə məlumat yer alıb.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanın 2024-2025-ci maliyyə illəri üçün Dehlidən silah və hərbi texnika almasına dair imzaladığı müqavilələrin həcmi 600 milyon dollara çatıb.
Hindistan ilə Ermənistan arasında hərbi-texniki sahədə əməkdaşlığın 2017-ci ildən başladığını bildirən hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a söyləyib ki, bu əməkdaşlığın miqyası Vətən müharibəsinə qədər kiçik olub:
“40 milyon dollarlıq “Svati" əks-artilleriya radarının Ermənistana tədarükü ilə bağlı fakt müharibədən əvvəl mövcud idi. Amma savaşdan sonra, xüsusilə də 2022-ci ildən başlayaraq Hindistan intensiv şəkildə Ermənistanı silahlandırmağa çalışır. Hazırda Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən birinə çevrilib. Keçən ilin sonlarından Hindistanın Azərbaycanın Pakistan və Türkiyə ilə müttəfiqlik münasibətləri fonunda Ermənistanı silahladırmaq üçün ciddi addımlar atdığı məlum idi. Eyni zamanda Hindistanın ölümcül hücüm silahlarını Ermənistana ötürmək üçün müqavilələr imzalanır. "Pinaka" reaktiv yaylım atəşi sistemləri və “Akaş” hava hücumundan müdafiə kompleksləri Hindistandan Ermənistana çatdırılmaq üzrədir. Bunun üçün isə zaman-zaman İranın quru yollarından və hava məkanından istifadə edildiyini izləyirik. Hindistanın Ermənistanı silahlandırması və onu siyasi diplomatik cəbhədə dəstəkləməsi birmənalı olaraq Ermənistanın ərazidə daha aqressiv davranması ilə müşahidə edilir. Hindistan tərəfindən Ermənistanın hərbi-siyasi dəstək alması nəticə etibarilə regionda mövcud olan nisbi sakitliyi yenidən alovlandıra bilər. Bunun isə Ermənistanı çox ağrılı və acılı nəticələrə gətirib çıxarması şübhəsizdir”.