İlham Şaban: Rusiya enerji daşıyıcılarından imtina rəsmi Brüsselin siyasətinə çevrilib

AB ölkələri Rusiyadan Ukrayna vasitəsilə neft nəqlinin bərpası məsələsində Macarıstan və Slovakiyaya dəstək verməkdən imtina edib.

Bu barədə “Faynənşl Tayms” öz mənbələrinə istinadən məlumat yayıb.

3 gün əvvəl Slovakiya və Macarıstan Rusiya neftinin öz ərazisindən tranzitini dayandıran Ukrayna ilə bağlı Avropa Komissiyasına müraciət edib. Təşkilatın 11 üzvü sözügedən şikayətə görə cavab verilməsi tələbinə qarşı çıxıb.

Qeyd edək ki, dünən Macarıstan Ukraynaya ultimatum göndərib. Ölkənin xarici işlər naziri Peter Siyarto neft tədarükü bərpa edilənədək Ukraynaya Avropa Sülh Fondu çərçivəsində 6,5 milyard avroluq hərbi yardımın maliyyələşdirilməsi proqramını bloklamağa davam edəcəklərini bildirib.

Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Sherg.az”a söyləyib ki, Ukrayna müharibəsi başlayandan Rusiya enerji daşıyıcılarından imtina rəsmi Brüsselin siyasətinə çevrilıb: 

“Bunu isə addım-addım həyata keçirirlər. Hətta Rusiya qazından 2027-ci ildə tamamilə imtina etmək haqqında qərar qəbul etmişdilər. 2022-ci ilin dekabrında isə Rusiya xam neftinə sanksiya tətbiq olundu. 2023-cü ilin 5 fevralından isə neft məhsullarına qarşı qadağa qoyuldu. Ancaq Mərkəzi Asiyadakı bir neçə ölkənin alternativi olmadığına görə sözügedən məsələylə bağlı icazə verildi. İndi isə hesab edirlər ki, zaman kifayət qədər dolub. Ona görə də Slovakiya, Macarıstan və Avstriyaya dəstək verməkdən imtina edilib. Bu isə Rusiyadan Ukrayna üzərindən gələrək Slovakiya və Macarıstana gedən neftin dayandırılmasına səbəb olub. Slovakiya və Macarıstan kifayət qədər emosional münasibət bildiriblər. Hətta Slovakiya höküməti Ukraynanı məhkəməyə verməklə bağlı xəbərdarlıq edib”.