ABŞ-Ermənistan yaxınlaşması müvəqqəti xarakter daşıyacaq
ABŞ-nin Ermənistan Müdafiə Nazirliyinə nümayəndə təyin etməsi İrəvanda geniş müzakirələrə səbəb olub. “Hraparak” yazıb ki, İrəvanın Vaşinqtonun göndərdiyi mütəxəssisdən imtina edib-etməyəcəyi sual altındadır. Nəşrin iddiasına görə, bu, ABŞ-nin Ermənistan dövlət orqanlarına kadr yerləşdirmək üçün ilk cəhdi deyil. Uzun illər Ermənistanın Fövqəladə Hallar Nazirliyində (FHN) işləmiş adı açıqlanmayan şəxs Vaşinqtonun 2003-cü ildə nazirliyə adam yerləşdirməyə çalışdığını deyib. Həmin il Ermənistan FHN ilə ABŞ-nin Kanzas ştatının Milli Qvardiyası arasında fəal əməkdaşlıq olub. Dövlət sistemində xarici vətəndaşların işə götürülməsi istiqamətində təlimlər, seminarlar keçirilib. Məlumata əsasən, Ermənistanda hakimiyyət dəyişikliyindən bir il sonra - 2019-cu ildə psixoloji xidmət göstərən Amerika özəl şirkəti FHN-in xilasetmə xidmətinin psixoloqlarına təlim keçməyi təklif edib. Şirkət bunun qarşılığında amerikalı ekspertlərin nazirliyə gəlib erməni psixoloqların fəaliyyətini izləməsi, daxil olan zənglər, mesajlar barədə onlara məlumat ötürülməsi şərtini irəli sürüb. İrəvan hakimiyyəti proses barədə ətraflı məlumat verə biləcəyini, lakin nazirliyə kənar şəxslərin yerləşdirilməsinə ehtiyac olmadığını deyib. Nəşr yazıb ki, Ermənistan FHN və DİN-də bir çox gizli məlumatlar var idi, o səbəbdən amerikalıların nazirliklərə daxil olması arzu edilmirdi. Lakin ABŞ ordusunun rəsmisinin birbaşa Ermənistan Müdafiə Nazirliyinə gəlməsi bütün vəziyyəti tamamilə dəyişəcək.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ Ermənistan Müdafiə Nazirliyinə öz nümayəndəsini təyin etməklə İrəvana təhlükəsizlik məsələsində dəstək vermək niyyətindədir. Təbii ki, bu addım heç də xoş məramdan irəli gəlmir. Deputat bildirib ki, ABŞ-nin bu addımı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesinə zərbədir:
"Vaşinqton çalışır ki, Ermənistanda hərbi mövcudluğunu artırsın. Bunun kökündə bir neçə səbəbin dayandığını hesab edirəm. Birinci səbəb Rusiyanın Ermənistanda hərbi mövcudluğunu aradan qaldırmaqdır. Ona görə də ABŞ-Ermənistan birgə hərbi təlimləri keçirildi. İrəvana KTMT-dən uzaqlaşmaq üçün tapşırıq verildi. ABŞ-nin Ermənistana hərbi sahədə yaxınlaşması Nikol Paşinyanı ruhlandırır. Bu da İrəvanın Azərbaycanla sülh danışıqlarından yayınmasına yol açır. Oksofordda Böyük Britaniyanın baş nazirinin təklifindən Paşinyanın imtina etməsinin kökündə ABŞ-nin Ermənistana göstərdiyi hərbi dəstək dayanır. Ağ Ev regionda sülh yaranmasını istəsəydi, münaqişə 30 il ərzində həll olunmadan qalmazdı. ABŞ Cənubi Qafqaz regionunda sülhün yaranmasında maraqlı deyil".
Parlament üzvü xatırladıb ki, məhz o səbəbdən torpaqlarımız erməni işğalı altında olduğu dövrdə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri 28 ildə heç bir iş görmədilər: "Həmsədr ölkələr çalışdılar ki, Azərbaycan xalqı erməni işğalı ilə barışsın. Amma bu mümkün deyildi və nəhayət, öz ərazilərimizi öz gücümüzə işğaldan azad etdik. İndi ABŞ Ermənistana hərbi dəstək göstərməklə regionda yenidən gərginliyin artmasına impuls verir. Amma unudurlar ki, Azərbaycan heç də 30 il əvvəlki zəif ölkə deyil. Bu baxımdan ABŞ və digərləri Ermənistanı yenidən revanşizmə ruhlandıracaq hərəkətlərdən çəkinməlidirlər. Nəzərə alaq ki, ABŞ hakimiyyəti erməni lobbisinin təsiri altındadır. Amerikada noyabrda keçiriləcək prezident seçkiləri Ağ Evin Ermənistanla siyasətini dəyişə bilər. Donald Tramp hakimiyyətə gələrsə, ABŞ yeni müharibə ocaqlarının yaranmasına yol açacaq siyasətini dayandıracaq. Hətta Tramp sonu görünməyən Rusiya-Ukrayna müharibəsini də dayandıracağına söz verib. Bu baxımdan ABŞ-Ermənistan yaxınlaşmasının müvəqqəti olduğunu demək olar. Tramp erməni lobbisindən asıllı şəxs deyil".