Cənab İvanişvili prezidentliyə namizəd olmaq qərarına gəlsə, əminəm ki, o, Gürcüstan tarixinin ən yaxşı prezidenti olacaq.
Bu sözləri mediaya açıqlamasında Gürcüstan ədliyyə naziri Rati Breqadze milyarder, Gürcü Arzusunun qurucusu Bidzina İvanişvilinin prezidentliyə namizəd olub-olmayacağı haqda sualı cavablandırarkən deyib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turab Rzayev bildirib ki, İvanaşvilinin prezidentliyə gəlməsi mümkündür:
“Hazırda Gürcüstanda hakimiyyət böhranı yaşanır. Digər tərəfdən iqtidar və müxalifət arasında mübarizə var. Müxalifət xüsusilə etirazçıları tətikləyir. Çalışırlar ki, “xarici agentlər” haqqında qanuna qarşı etiraz edənləri bir araya gətirib, hökümətə qarşı istifadə etsinlər. Müxalifətə bütün Qərb dövlətləri dəstək verəcək. Avropa Birliyi Gürcüstan hakimiyyətinə narazılığını bildirib, ABŞ isə açıq şəkildə rəsmi Tbilisinin elitasına sanksiya tətbiq edib. Yəni müxalifət əhalidə yaranan etirazlardan və Qərbin dəstəyindən istifadə edərək hakimiyyəti dəyişməyə cəhd göstərəcək. İvanişvili isə siyasətdə güclü fiqurdur və birbaşa ipləri öz əlinə almaq istəyə bilər. Burada ikinci əsas səbəb Baş nazirlə prezident arasında baş verən hökümət böhranıdır. Çünki Salome Zurabişvili ilə Baş nazir arasında tez-tez fikir ayrılıqları olur. Prezident Rusiya ilə sərhədlərin açılmasını, viza rejiminin ləğvini tənqid etdi. Saakaşvilini əfv etməyə və “xarici agentlər” haqqında qanunun ləğvinə çalışdı. Hətta onun impiçment məsələsi gündəmdə idi. Əgər İvanişvili prezindetliyə gələrsə, hökümət böhranı aradan qaldırıla bilər”.