ABŞ-nin "suları bulandırma" taktikası: Türkiyə ona qarşı olan böhranı özü üçün fürsətə çevirəcək -ŞƏRH

Türkiyə hərbçilərinin Suriya və İraqda saxladıqları YPG-yə mənsub terrorçular Fransa və ABŞ-nin onlara təlim keçdiyini etiraf ediblər.
Bu barədə “Yeni Şafak” nəşrində dərc olunan materialda bildirilib.
Materialda həmçinin qeyd edilib ki, ərazidə terrorçulara təlimlər keçirilən xüsusi düşərgə var.
Bundan başqa, ABŞ-nin bölgədəki terrorçulara kamikadze PUA-lar göndərməsi də yayılan məlumatlar sırasındadır.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin Suriya və İraqdakı terrorçuları silahlandırmasına dair informasiya yayılmışdı.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada prosesin diqqətlə izlənildiyi diqqətə çatdırılmışdı. 


Mövzu ilə bağlı “Sherg.az”a danışan “Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov söyləyib ki, bu proses Suriya və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması dövrünə təsadüf edir: 

"Görünür ki, Amerika Birləşmiş Ştatları Suriya və Türkiyə arasında münasibətlərin yaxşılaşmasından narahatdır. Ona görə də belə vasitələrlə yenidən "suları bulandırmaq" və müxtəlif hərbi gərginlik yaratmaq niyyətindədir. Rəsmi Moskva Suriya və Türkiyə arasında münasibətlərin normallaşması prosesində maraqlıdır. Hətta Rusiyanın vasitəçiliyi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüşün keçirilməsi nəzərdə tutulur. Rəsmi Ankara isə Suriya ilə əlaqələrin yenidən qurulmasında ABŞ-nin regiondakı maraqlarının zəifləməsinə səbəb ola biləcəyinə görə maraqlıdır. Digər tərəfdən bu terrorçulara qarşı mübarizədə Türkiyənin əlini gücləndirəcək. Eyni zamanda Türkiyədəki suriyalıların ölkələrinə qayıtmalarına şərait də yarada bilər. Görünən odur ki, Türkiyə hakimiyyəti suriyalıların ölkələrinə qayıtmalarında maraqlıdır. Çünki bu daxili narazılığa səbəb olur. İki ölkə arasında münasibətlərin normallaşması ABŞ-nin regiondakı təsir rıçaqlarını azaldacaq ki, bu da strateji cəhətdən Rusiyanın maraqlarına uyğundur. Hazırda bütün bölgələrdə Rusiya və ABŞ arasında təsir dairəsi uğrunda savaş gedir. ABŞ-nin sözügedən oyunları Türkiyənin antiterror əməliyyatlarını gücləndirəcək. Həmçinin Türkiyə-Rusiya əməkdaşlığı inkişaf edəcək və Türkiyə hakimiyyəti Bəşər Əsəd rejimi ilə əlaqələri intensivləşdirəcək. Yəni Türkiyə ona qarşı olan böhranı özü üçün fürsətə çevirəcək".