Savaşın Rusiyanın üstünlüyü ilə sonlanması Avropanın çöküşü deməkdir -ANALITIK

Ukrayna artıq öz mövqeyini dəyişə və məğlubiyyətdən qaça bilməyəcək.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.
"Həqiqətən, Ukrayna üçün çox gec olduğunu düşünürəm. Baş verəcəklərin trayektoriyası artıq müəyyən edilib, bunun həyata keçməsi üçün sadəcə vaxt lazımdır", - o bildirib. 
Mütəxəssis Ukraynadakı vəziyyəti xərçəngin dördüncü mərhələsi ilə müqayisə edib:

“Sizə yaxşı xəbər deyilməsini istərdiniz, amma xərçəng öz işini görür və siz altı ay və ya üç aya öləcəksiniz”.
 
Larri Consonun fikirlərini şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Ukraynanın cəbhədə işi bir qədər çətindir :

"Rusiya ordusu az-az da olsa, cəbhədə irəliləməyə davam edir. Amma Ukrayna müharibəsi bir neçə ildir gedir. Rusiya müharibə başlayanda 3,4 günə Ukraynanı ram edəcəyini və Zelenski iqtidarının sülhə imza atacağını bildirirdi. Lakin hələ də sözügedən məqsədlərinə çata bilməyib. Yəni müharibə bir çox hallarda güclər nisbəti və mövcud situasiya ilə qiymətləndirilir. Ancaq cəbhədə hər şeyin ani dəyişikliklərdən dolayı dəyişdiyini görürük. Necə ki, Ukrayna müharibəsi kənar təsirlərə görə illərdir uzanır. Hazırkı status-kvo məhz hansısa səbəbdən dəyişə bilər? Eyni zamanda müharibənin gedişində Amerika Birləşmiş Ştatlarında kimi Prezident seçiləcəyi də önəmlidir. Əgər yeni prezident Ukrayna savaşını tezliklə bitirməyə fokuslanacaqsa, Kiyev üçün mövcud vəziyyət daha da qəlizləşəcək. Əksinə olaraq Ağ Evə gələn şəxs Ukraynaya dəstəyi daha da artırsa, Kiyevin müharibədə əli güclənəcək".

Ekspert qeyd edib ki, Ukrayna üçün qara lent bağlayıb, onun ölümünə fərman veriləcək tonda danışmaq indiki situasiyaya görə məntiqlidir:
“Amma Ukrayna savaşı anlıq reallıqlarla ölçülməməlidir. Bəlkə də Rusiyanı Ukraynanın dərinliklərinə doğru aparıb, daha sonra yenidən hansısa üsulla geri püskürtmək Qərb dairələrinin planıdır. İndiki vəziyyətdə Ukrayna müharibəsinin bitməsi real deyil. Çünki Ukrayna savaşının Rusiyanın üstünlüyü ilə sonlanması Avropanın çöküşü deməkdir. Düşünməliyik ki, Qərb bu cür məğlubiyyətə hazırdırmı və ya buna məruz qalmamaq üçün hansı efor xərcləyə bilər?".