ABŞ və Böyük Britaniya Ukrayna lideri Vladimir Zelenskini Müdafiə Nazirliyin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və keçmiş ordu komandanı Valeri Zalujnı ilə əvəz etmək planları hazırlayır.
Bu barədə Rusiyaya sığınan ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.
“Budanovu ABŞ kəşfiyyatı Zelenskini əvəz edə biləcək bir fiqur kimi qiymətləndirir. Lakin onu necə dəyişmək mümkündür? Yalnız hərbi çevriliş yolu ilə...Ona görə də Budanovun Rusiya prezidentinə sui-qəsdlə bağlı açıqlaması böyük oyunun bir hissədir və burada Zelenskinin aradan götürülməsi məsələsi durur. Ona (Budanov) özünü Zelenskidən daha böyük Rusiya düşməni kimi görünmək gərəkdir”, - deyə o bildirib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, Zelenskinin devrilməsi ilə bağlı əvvəllər də fikirlər mövcud idi:
"Rusiya mənbələrinin məlumatına görə Budanov, Zalujni müttəfiqdir və aralarında gizli razılaşma mövcuddur. Viktor Medvedçuk isə Rusiya Prezidenti Vladimir Putinin yaxını sayılır. Onun belə ifadə səsləndirməsi Rusiyanın təbliğatıdır. Ukraynada Yuliya Timoşenko peyda olub. Həmçinin Petro Poroşenkonun Kliçko ilə yaxınlaşma prosesi gedir. Eyni zamanda digər fiqurlar ortaya çıxır. Deməli, siyasi məkanda Ukraynanın aktivliyi başlayıb. Vladimir Zelenski cəbhədə ciddi uğurlar qazanmasa, hansısa yolla hakimiyyətdən uzaqlaşdırılacaq. Zelenskiyə qarşı sui-qəsdin olması da mümkündür Son vaxtlar sui-qəsd hadisələri dəb halını alıb".