Kiyev son günlərdə Rusiya ilə sülh danışıqlarına hazır olduğunu bəyan etməyə başlayıb
Ukraynanın Kurskdakı əməliyyatları Rusiyanın müdafiə, logistika və təhlükəsizliyinə ciddi təsir göstərir. Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, Rusiya qüvvələrinin bölgədə cəbhə xəttini sabitləşdirmə cəhdləri davam etdiyi üçün Ukrayna qüvvələri Kursk bölgəsində az irəliləyiş əldə edib. Hesabatda qeyd olunub ki, yeni qazılmış istehkamlar görüntülənib. Avqustun 13-də yayımlanan əlavə peyk görüntüləri Lqovdan cənubda 38K-024 magistralı yaxınlığında istehkamların qazıldığını təsdiqləyir. Bu yeni istehkamlar Ukraynanın Kursk bölgəsindəki qüvvələrindən təxminən 17 kilometr şimalda yerləşir. Bu da onu göstərir ki, Rusiya Ukraynanın Kurska davamlı və sürətlə mexanikləşdirilmiş irəliləyişindən narahatdır. İnstitutun analitikləri qeyd ediblər ki, Rusiya qüvvələri əsas magistral yollardan narahatdır. Xüsusən, E38 və 38K magistralları boyunca Ukraynanın manevrlərinin qarşısını almaq üçün kritik quru rabitə xətlərini qorumaqla bağlı ehtiyat tədbirləri görməyə çalışır. Ukrayna baş nazirinin müavini İrina Vereşşuk deyib ki, Kursk vilayətinin mülki əhalisi Suma təxliyə ediləcək. Onun sözlərinə görə, Rusiya tərəfinə də dəhliz mümkündür, amma ruslar hələ ki, belə bir müraciət etməyib. Kursk vilayətində hər iki tərəfdən əsir götürülən hərbçilərin dəyişdirilməsi ilə bağlı Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb. Qeyd edək ki, ukraynalı ombudsman Dmitri Lubinets əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlindiyini açıqlamışdı. Lubinets təşəbbüsü Rusiya tərəfinin irəli sürdüyünü bildirmişdi.
Britaniya Kurskla bağlı Ukraynaya bu icazəni verdi
“Tayms” nəşri yazıb ki, Ukrayna Rusiya ərazisində, o cümlədən Kursk vilayətində hücum zamanı Britaniya silahlarından sərbəst istifadə edə bilər. Nəşr bildirib ki, Böyük Britaniya hökumətinin siyasətində heç bir dəyişiklik olmayıb: "BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Ukraynanın Rusiyanın qanunsuz hücumlarına qarşı özünü müdafiə etmək hüququ var. Bu, Rusiyadakı əməliyyatları istisna etmir. Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles də bildirib ki, Ukrayna əvvəllər uzaq mənzilli “Storm Shadow” raketləri istisna olmaqla, ona verilən istənilən silahdan istifadə etməklə Rusiya ərazisindəki hədəfləri vurmaq icazəsi alıb. O, eyni qaydaların Ukraynanın Kursk vilayətindəki əməliyyatına da şamil edilməsini təklif edib. Vurğulayıb ki, əgər bu hücumlar Ukraynanın işğalını dəstəkləyən logistikanı və infrastrukturu məhv etmək məqsədi daşıyırsa, o zaman Britaniya silahlarından istifadə etmək tamamilə qanunidir.
Ostin Umerova söz verdi: Öhdəliyə sadiqik!
Pentaqonun rəhbəri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Rustem Umerov arasında telefon danışığı olub. Hərbi idarələrin rəhbərləri Amerikanın Ukraynaya yardımının prioritet istiqamətlərini, eləcə də Ukrayna Silahlı Qüvvələrinin cari əməliyyatlarını müzakirə ediblər. Telefon danışığından sonra L.Ostin özünün X səhifəsində paylaşım edib: “ABŞ Ukraynaya özünü Rusiyanın təcavüzündən müdafiədə kömək etmək öhdəliyinə sadiqdir”. Umerov da öz növbəsində X-də status paylaşıb və amerikalı həmkarı ilə danışığı səmərəli adlandırıb. O, Vaşinqtona Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından bəri davamlı və hərtərəfli dəstəyə görə təşəkkür edib.
"Ukrayna ordusu irəli getməyi düşünmür"
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, Ukrayna ordusunun Rusiyaya girərək 1000 kv. metr ərazisini nəzarətə götürməsi, 25-26 yaşayış məntəqəsini ələ keçirməsi ciddi məsələdir. Ekspertin sözlərinə görə, döyüşlər uzun zaman Ukrayna ərazisində gedirdisə, artıq Rusiya torpaqlarında müharibə gedir: "Nəzərə alaq ki, bir neçə ildir davam edən müharibədə hər məntəqə, qəsəbə, kənd uğrunda həftələrlə, aylarla savaş gedirdi. Amma Kurska hücum zamanı qısa vaxtda 500-1000 kv metr ərazi tutuldu. Yaxın aylarda mübarizənin məhz Kursk bölgəsində gedəcəyi şübhəsizdir. Rusiyanın hazırda taktikası ondan ibarətdir ki, Ukrayna ordusunun irəliləyişinin qarşısını alsın. Həqiqətən də Ukrayna qoşunlarının Rusiya ərazisində 50-100 km. məsafə qət etməsi arxa mövqelərdə boşluqlara səbəb ola bilər. Bunun fərqində olan Ukrayna ordusu daha irəli getməyi düşünmür. Rusiya da ona görə Kurska əlavə qoşun hissələri cəlb etmədi. Hesab edir ki, vaxt uzandıqca Ukrayna öz qüvvələrini yaxşı səfərbər edə bilməcəyək. Ancaq fakt odur ki, artıq Kurskda Ukrayna ordusu dayanıb. Bu amil gələcək danışıqlarda ərazilərin dəyişdirilməsi məsələsi kimi gündəmə gətirilə bilər".
"Kiyevə öz ordusunun əlverişli mövqedə olması lazım idi"
Analitik vurğulayıb ki, Kiyev son günlərdə Rusiya ilə sülh danışıqlarına hazır olduğunu bəyan etməyə başlayıb: "Ukrayna tərəfi son günlərə, yəni Kursk əməliyyatına qədər sülhə, danışıqlara getməyəcəyini deyirdi. Amma iyul ayında ABŞ-də prezidentliyə namizədlər - Donald Tramp və Cozef Bayden arasında debatdan aydın oldu ki, demokratlar zəifləyir. Yəni Trampın hakimiyyətə gəlmək şansı böyükdür. Ukrayna Prezidenti V.Zelenski məhz bundan sonra Rusiya ilə danışıqlara hazır olduğunu vurğuladı. Bunun üçün də Kiyevə öz ordusunun əlverişli mövqedə olması lazım idi. Son günlər Ukrayna ordusu geriləməkdə idi. Kursk döyüşləri və əldə olunan nəticə Ukrayna üçün avantaja çevrildi".