Makronun Ermənistana səfəri gərginlik yaradacaq - RƏY

Zatı qırıq gəlir...

Yeni və daha müasir silahların alınması ilə bağlı Ermənistan və Fransa arasında razılaşma əldə oluna bilər

“Qərbin müharibəyə sürüklədiyi heç bir postsovet ölkəsi nəticədə güclənə bilməyib. Tam əksinə, müharibəyə cəlb edilərək iqtisadiyyatı dağıdılıb, ölkənin təhlükəsizliyi təhdid altına düşüb”

  Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də Ermənistana səfər edəcək. Bu barədə Ermənistanın “Joğovurd” qəzeti Fransadakı erməni icmasına istinadən məlumat yayıb. Qəzet onu da yazıb ki, hazırda Ermənistanın Müstəqillik Gününə təsadüf edən səfərin detalları müzakirə olunur. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 21-də Makronu ölkəsinə dəvət edib. Məsələ ondadır ki, Makronun Ermənistana səfərindən müsbət heç nə gözlənilmir. Adətən Fransa kimi ölkə başçılarının Cənubi Qafqaza, ələlxüsus Ermənistana səfəri gərginliyin yaranmasına, təxribatların meydana çıxmasına səbəb olur. Böyük ehtimal, indiki məqamda Makronun İrəvana gözlənilən səfəri ürəkaçan nəticələr doğurmayacaq. Makron 2018-ci ilin oktyabr ayında Frankafoniya təşkilatının İrəvanda keçirilən sammitində iştirak etmək üçün Ermənistana səfər edib. Bundan sonra Fransanın Cənubi Qafqaz siyasətində yeni mərhələ yaranıb. Makron hakimiyyətinin yürütdüyü geosiyasi kurs Ermənistan vasitəsilə regionda möhkəmlənməyi və Cənubi Qafqazın əsas aktorlarından birinə çevrilməyi nəzərdə tutur. Lakin Fransanın Cənubi Qafqazda Ermənistanı birtərəfli qaydada dəstəkləməklə geosiyasi balansı öz xeyrinə dəyişmək cəhdləri Azərbaycanla münasibətlərdə ciddi qarşıdurmaya gətirib çıxarıb. Bu, xüsusilə də Azərbaycan ərazilərinin işğalı və separatçı rejimin mövcud olduğu dövrdə özünü daha çox göstərirdi. Rəsmi Parisin erməni amilindən istifadəsi hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün açıq təhlükə yaradıb.
  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Fransa prezidentinin Ermənistana nəzərdə tutulan səfərinin məqsədlərini aydınlaşdırmaq üçün son 4 ildə Fransanın Cənubi Qafqazda tutduğu mövqe və Fransa-Ermənistan münasibətlərinin dinamikasına diqqət yetirmək lazımdır. Deputatın sözlərinə görə, Fransa 44 günlük müharibə dövründə və sonrakı dönəmdə daim beynəlxalq hüquqa zidd mövqe tutaraq Ermənistanın 30 illik Azərbaycan torpaqlarını işğal etməsinə bəraət qazandırmağa çalışıb

"Bunun üçün həm özünün, həm də beynəlxalq təşkilatların mümkün resurslarını Azərbaycana qarşı səfərbər etməyə çalışıb. Əlbəttə, Fransanın bu siyasəti iflasa uğradı. Azərbaycan ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi. Ancaq Fransa dayanmadı və Ermənistanı yenidən müharibəyə sövq edən, motivasiya edən hərəkətlər etməyə başladı. Ermənistanı silahlandırdı. Üstəlik, Ermənistanı hücum silahları ilə təmin etdi. Bunları analiz etsək, görərik ki, Fransa prezidentinin Ermənistana gözlənilən səfərində bənzər məsələlər müzakirə olunacaq. Yəni erməniləri silahlandıracaq və Azərbaycana qarşı mümkün yeni müharibə ssenariləri nəzərdən keçiriləcək".
  Parlament üzvü vurğulayıb ki, yeni və daha müasir silahların alınması ilə bağlı Ermənistan və Fransa arasında razılaşma da əldə oluna bilər: "Fransa prezidentinin regiona səfəri gərginlikdən başqa heç nə vəd etmir və bütövlükdə regionun gələcəyi üçün təhdid yaradır. Şübhəsiz, bu səfər Ermənistanı bir qədər də aqressivləşdirəcək. Nəticə etibarilə Ermənistanın özünün əleyhinə yönələcək. Qərbin müharibəyə sürüklədiyi heç bir postsovet ölkəsi nəticədə güclənə bilməyib. Tam əksinə, müharibəyə cəlb edilərək iqtisadiyyatı dağıdılıb, ölkənin təhlükəsizliyi təhdid altına düşüb. Görünür, belə bir aqibət Ermənistanı da gözləyir".