Xalq kimi istəyir?

Gərginlik artır, Trampın prezident olmaq şansı azalır

Kursk əməliyyatında Kiyevin uğurları ABŞ seçkilərində Kamala Harrisə üstünlük gətirəcək


  Amerika Birləşmiş Ştatlarında seçkilər yaxınlaşdıqca Demokratların namizədi, vitse-prezident Kamala Harrislə Respublikaçıların namizədi Donald Tramp arasında mübarizə kəskinləşir. Hazırkı Prezident Co Bayden isə Trampdan fərqli olaraq, Harrisin də özü kimi Vladimir Putinə baş əymək niyyətində olmadığını bildirib.
Qeyd edək ki, ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkisində kimin qalib olacağı təqdirdə, dünya siyasətində hansı proseslərin başlanacağı, Ukrayna böhranının həllinin necə olacağı ilə bağlı da suallar yaradıb. 
Görünən odur ki, Ukrayna böhranının taleyi də xeyli dərəcədə ABŞ-də seçkilərdə namizədlərdən kimin qalib gələcəyindən asılıdır. Belə ki, Harrisin qələbəsi Kiyevin mübarizə əzminin ən azından mövcud səviyyədə saxlanması demək olduğu halda, Trampın qələbəsinin Moskvanın maraqlarına işlədiyi fikirləri geniş yayılıb. 
  Məlumat üçün bildirək ki,  ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa razı olduğunu açıqlayıb. Xarici KİV-lərin məlumatına görə, K.Harris prezident seçkilərində qalib gələcəyi təqdirdə dünyanın ən güclü ordusunu yaratmağa söz verib. O, bu barədə Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayında, “The New York Times” qəzetinin yayımladığı çıxışı zamanı bildirib: "Ali Baş Komandan kimi mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm.  Mən bütün amerikalılar üçün prezident olmağa söz verirəm. Siz həmişə mənə etibar edə bilərsiniz ki, ölkəni partiyadan və eqodan üstün tutum”. 
  Qeyd edək ki, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris seçici dəstəyi səviyyəsinə görə Respublikaçılar Partiyasının namizədi Donald Trampı 3 faiz qabaqlayıb.
Bunu  “The Economist” jurnalı və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələri göstərib. Sorğu iştirakçılarının 46 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, 43 faizi isə Trampa üstünlük verib. Respondentlərin daha 3 faizi müstəqil namizəd Robert Kennediyə səs vermək niyyətindədir. Rəyi soruşulanların 8 faizi hələ seçimini etməyib və ya səsvermədə iştirak etməyi planlaşdırmır. Avqustun 17-dən 20-dək aparılan sorğuda yaşı 18-dən yuxarı olan 1,5 minə yaxın Amerika vətəndaşı iştirak edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp isə özünün “Truth Social” sosial şəbəkəsində yazıb ki, Demokratların namizədi Kamala Harris seçkidə qalib gəlsə, ABŞ çökəcək. Tramp Harrisi həddən artıq solçu adlandırıb: “Yoldaş Kamala Harris ölkəmiz üçün dəhşətli perspektivdir. O, kommunistdir, həmişə kommunist olub və həmişə kommunist olacaq. Onun hakimiyyəti altında ABŞ çox tez dağılacaq. Biz buna imkan verməyəcəyik. Demokratlar Partiyasının namizədi Kamala Harrisin Çikaqoda keçirilən Milli Qurultayda çıxışına diqqət çəkən Donald Tramp həmçinin qeyd edib ki,  ABŞ-nin vitse-prezidenti Kamala Harrisin qarşıdan gələn seçkilərdə qələbəsi nüvə silahlarının (nüvə silahlarının) iştirak edəcəyi üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxaracaq.
  Kamala Harrisin gələcəyi olmayacaq, çünki o, bizi üçüncü nüvə dünya müharibəsinə aparacaq! O, heç vaxt dünya tiranları tərəfindən hörmətlə qarşılanmayacaq!”.
Tramp həmçinin Harrisi çıxışı zamanı “ölkəni məhv edən” ciddi məsələlərə toxunmadığına görə tənqid edib: "ABŞ-də Demokratlar Partiyasının rəhbərliyi altında 60 milyon insan yoxsulluq içində yaşayır və Harris onlardan heç danışmır!". 
  İki namizəd arasındakı şansları dəyərləndirən  politoloq İlyas Hüseynov  isə “Sherg.az"a açıqlamasında deyib ki, beynəlxalq auditoriya prosesləri diqqətlə izləyir: 
"Baydenlə Tramp arasında olan debatlar və söz savaşları eks prezidentinin şansını daha da artırmışdı. Aydın idi ki, qazanan tərəf Tramp olacaqdı. Sorğular da bunu təsdiq edirdi. Lakin Cozef Baydenin namizədliyini geri götürməsi seçkilərə maraq və intriqa qatdı. Harrisin özünü başqa məcrada təqdim etməsi, yerli cəmiyyətə təsir göstərdi. Seçkilər siyasi ideyaların, cərəyanların savaşı olur. Qeyd edim ki, hər iki tərəfin şansları bərabərdir”.

  Kamala Harris ilə Tramp arasındakı seçki mübarizəsini şərh edən politoloq Natiq Miri isə hesab edir ki, Rusiya-Ukrayna müharibəsindəki dönüş mərhələsi, konkret olaraq Kursk əməliyyatında Kiyevin uğurları ABŞ seçkilərində Kamala Harrisə üstünlük gətirəcək. Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsində Kiyevin hərbi uğuru dolayısı ilə ABŞ-nin hazırkı hakimiyyətinin hərbi uğuru sayıla bilər:

“Tramp ölkə büdcəsinin boşaldıldığı, ABŞ-nin müdafiə sisteminin zəiflədildiyi barədə cəmiyyətə qorxuducu mesajlar verir. Tramp həmçinin Ukraynanın bundan əvvəlki uğursuzluğunu Ağ Evin hazırkı sahibinin ayağına yazırdı. Əgər Ukrayna Kurskdakı uğurlu əməliyyatı genişləndirsə, Donbas istiqamətində müdafiəni gücləndirib, bu ərazidəki rus qoşunlarının Kurska yönləndirilməsinə nail olsa, yaranmış vəziyyət Bayden hakimiyyətinin də güclənməsi demək olacaq. Yəni Kiyevin uğurları ictimai rəydə demokratlara müəyyən üstünlüklər vəd edir ki,  bu da öz növbəsində Harrisin uğur qazanmasına müsbət təsir göstərəcək”.