İranda prezident məcburi hicab qaydalarının tətbiqi ilə bağlı parlamentə göndərilən qanun layihəsinə təsir edə bilməz
İranda nüfuzlu qurumlardan olan Qadın Araşdırmaları və Tədqiqat İnstitutu Prezident Məsud Pezeşkiana müraciət edərək məcburi hicab qaydalarının tətbiqi ilə bağlı parlamentə göndərilən qanun layihəsini geri qaytarmağı istəyib.
Bu barədə adıçəkilən qurumun media hesabında yazılıb. Qurum məcburi hicab qanun layihəsinin sosial təhlükəsizliyi, qadınların hüquqlarını zəiflədəcəyi və qadınlara qarşı cəzaların artacağına səbəb olacağı barədə xəbərdarlıq edib:
"Bu qanun layihəsi sizin bütün vətəndaşlara qarşı ədalətli və insaflı davranılacağı barədə vədlərinizə ziddir".
Qeyd edək ki, Məsud Pezeşkian bundan əvvəl millət vəkilliyi dövründə və prezident seçkisi kampaniyasında məcburi hicab qaydalarına görə qadın və qızlara təzyiq göstərilməsini pisləyib, bunun qarşısını alacağı barədə vədlər verib.
Onun prezidentlik vəzifəsini icra etməyə başlamasından keçən müddət ərzində isə məcburi hicab qaydalarının tətbiqi ilə bağlı daha yeni addımlar atılıb, bunun daha da sərtləşdirilləcəyi bildirilib.
Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili isə “Sherg.az”a açıqlamasında deyib ki, sözügedən qanun layihəsində qadınlara qarşı çox ciddi təzyiqlər nəzərdə tutulub. Onun sözlərinə görə, Pezeşkian hələ ki öz kabinetini formalaşdırmağa çalışır. Bu mövzularda hansı addım atacağı hələlik bəlli deyil:
“Bu layihə İranın ali dini lideri Ayətullah Əli Xameneinin tərəfdarlarının təşəbbüsü ilə İran parlamentinə təklif edilib. İranda əsas qərarverici, söz sahibi də onlar olduğu üçün bu məsələdə Pezeşkianın müsbət bir addım atacağını düşünmürəm.
Bilirsiniz ki, İranda prezidentin qərarlarına həm yeni qanunlar təqdim edən Parlament, həm də ali dini rəhbərin yaxın müttəfiqlərindən ibarət Mühafizəkarlar Şurası nəzarət edir. Bu iki qurum istənilən qanunları təsdiqləmək və onlara veto qoymaq hüququna malikdir. Əvvəla, Pezeşkianın özünün məcburi hicab qaydalarının yumşaldılması ilə bağlı heç bir təşəbbüsü yoxdur. Düzdür, o, seçki kampaniyası zamanı qadınlara və milli azlıqlara daha böyük azadlıqların təmin edilməsinin zəruriliyindən danışıb, müəyyən vədlər verirdi. Lakin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı parlamentə göndərilən qanun layihəsi siyasi qərar olduğu üçün yeni hökumət formalaşdırmağa çalışan İran prezidentinin bu cür radikal addımlar atacağını zənn etmirəm”.
M.Mehdilinin sözlərinə görə, indiki mərhələdə Məsud Pezeşkianın İran Məclisinin, ən əsası isə Xameneinin razılığına ehtiyacı var:
“Düzdür, hökuməti təyin edir, amma parlament tərəfindən təsdiq edildikdən sonra. Əvvəlki müsahibələrimdə də demişəm ki, Pezeşkian çoxsaylı vədlər versə də, onun ata biləcəyi addımların sayı ali dini liderin addımlarının altındadır. Daxili və xarici siyasətdə əsas səlahiyyətlər təbii ki, Ali Dini Lider Əli Xamneinin əlində cəmləşib. Bu, ömürlük vəzifəsinə seçilən, ən yüksək kürsüdə olan şəxsdir. Ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən edən Ali Dini Liderdir. Rəhbər dəyişməyincə, başqa sözlə, ölkənin daxili və xarici siyasətində köklü dəyişiklik olmayacaq. Prezident İran siyasi sistemində yalnız ikinci şəxsdir.
İranda daxili və xarici siyasətdə ana xətti Xamenei necə çəksə, Pezeşkian da onunla uyğunlaşmaq məcburiyyətindədir. İranda prezident ancaq ona verilən səlahiyyətləri icra edir və həmin səlahiyyətlərdən kənara çıxa bilməz”.