Kamalanın qalibiyyətindən sonra Donald Tramp siyasi meydandan uzaqlaşacaq
Amerika Birləşmiş Ştatlarında seçkilər yaxınlaşdıqca Demokratların namizədi, vitse-prezident Kamala Harrislə Respublikaçıların namizədi Donald Tramp arasında mübarizə kəskinləşir.
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris seçici dəstəyi səviyyəsinə görə Respublikaçılar Partiyasının namizədi Donald Trampı 3 faiz qabaqlayıb.
Bunu “The Economist” jurnalı və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələri göstərib. Sorğu iştirakçılarının 46 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, 43 faizi isə Trampa üstünlük verib. Respondentlərin daha 3 faizi müstəqil namizəd Robert Kennediyə səs vermək niyyətindədir. Rəyi soruşulanların 8 faizi hələ seçimini etməyib və ya səsvermədə iştirak etməyi planlaşdırmır. Avqustun 17-dən 20-dək aparılan sorğuda yaşı 18-dən yuxarı olan 1,5 minə yaxın Amerika vətəndaşı iştirak edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Kamala Harrisin kifayət qədər cavan və perspektivli olduğunu vurğulayan
politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında deyib ki, ABŞ də dərin dövlət olduğuna görə Harrisə dəstək verəcək:
“Amerika dərin dövləti Harrisin prezident seçilməsini daha məqsədəuyğun hesab edir. İndiki şərtlərlə Harrisin Donald Trampa qalib gələcəyini zənn edirəm. Artıq keçirilən sorğularda belə Kamala Harris Trampı üstələməyə başlayıb.
ABŞ Prezidenti Co Baydenin seçki yarışından çəkilməsindən sonra çox sayda Demokrat qanunvericilər, qubernatorlar və maliyyə donorları Vitse-Prezident Kamala Harrisə dəstəklərini ifadə etməkdədirlər”.
Trampın Harrislə bağlı ittihamlarına gəldikdə isə Ə.Məmmədli deyib ki, o, daha əvvəl Barak Obamanın da solçu olduğunu, Amerikanı çökdürəcəyini deyirdi:
“Bənzər iddiaları demoktratların tərəfdarları da Tramp haqqında səsləndirir. Tramp şoumendir. Seçkidə K.Harrisə qalib gəlmək üçün bu cür ittihamlar səsləndirməsi də təbiidir. Lakin Kamala Harrisin prezident seçilmə ehtimalı daha yüksəkdir.
Hesab edirəm ki, Co Baydenin debatda Trampa uduzması da bir oyun idi. Demokratlar bilərəkdən Baydeni Trampa qurban etdilər ki, onun qarşısına Harrisi çıxartsınlar. Bu prosesi də uğurlu gediş hesab edirəm. ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin qarşıdan gələn seçkilər uğrunda mübarizədən çəkiləndən sonra ölkə daxilində vəziyyət daha da gərginləşdi. Belə ki, C.Baydenin şansları Respublikaçıların əsas namizədi Donald Trampın şanslarına nisbətən çox az idi. Bunu keçirilən sorğuların nəticəsi də təsdiqləyirdi. Dediyim kimi, C.Baydenin seçki kampaniyasından çəkilməsi, əslində, düşünülmüş addım idi. Belə ki, çox güman, prezident öz şanslarının az olduğunu başa düşüb, Demokratların qalib gəlməsi üçün K.Harrisə “pas ötürüb””. Harrisin qalibiyyətindən sonra Donald Trampın siyasi meydandan uzaqlaşacağını güman edirəm. İki dəfə ard-ard prezident seçkilərində uduzan namizədin ABŞ siyasətində yenidən parıldaması absurddur”.