Analitik: Ukrayna ordusu Rusiyanın içərilərinə doğru irəliləyir

Yaxın həftələrdə müharibə cəbhəsində xeyli fərqli vəziyyət yaranacaq


Rusiya-Ukrayna cəbhəsində indiyə qədərki ən mürəkkəb və görünməmiş vəziyyət yaranmaqdadır. Ukrayna ordusu Kursk və Belqorodun yaşayış məntəqələrini ard-arda tutmaqdadır. Ukrayna komandanlığı artıq 1300 kilometr enində Rusiya ərazisinə nəzarət etdiklərini açıqlayıb. Bunu cavab olaraq Rusiya ordusu bütün həlledici zərbə gücünü Ukrayna ordusunun əsas təchizat qovşağı sayılan Donbasın Pokrovsk şəhəri üzərinə yönəldib. Aydın görünür ki, Rusiya ordusu Kurska daxil olmuş Ukrayna ordusunun arxa ilə əlaqəsini kəsərək onu  mühasirəyə salmaq planı ilə işləyir. 

Siyasi şərhçi Aydın Quliyevin “Sherg.az”a açıqlamasında deyib ki, Rusiya 1943-cü ildə Almaniya ordusu üzərində qələbə döyüşünün Kurskdan başlandığını yenidən təkrarlamağı hədəfləyib. Nail olacaq, olmayacaq, hadisələr göstərər. Ancaq 80 il əvvəlkindən fərqli bəzi nüansları nəzərə almamaq olmaz:

 “Rusiya rəhbərliyi könüllü müharibəyə gedənlərə Krımda əvəzsiz torpaq veriləcəyini vəd etdi. Hücum müharibəsi aparan ölkə üçün razılaşaq ki, yaxşı göstərici deyil. Ukrayna öz istehsalı olan ilk ballistik raketlərdən istifadə edib. Ukraynanı bombalamağa qalxan Rusiya təyyarələrinə qarşı ABŞ F-16-larını döyüş vəziyyətinə qəbul edib. Zelenski Rusiya üzərində "Qələbə planı"nı artıq hazırladığını və onu Baydenə, Kamala Harrisə və Trampa təqdim edəcəyini bildirib. Zelenski onu da bildirib ki, ABŞ onun silahlarından istifadəyə icazə versə, Rusiya ərazisində vurulması planlaşdırılan bütün obyektlərin siyahısını ABŞ-yə təqdim edəcək. Lakin Amerika Rusiya ilə müharibə aparmadığını, yalnız Ukraynaya özünümüdafiə imkanı verdiyini bəyan edib. ABŞ-nin bu mövqeyi nə vaxtsa dəyişənə oxşayır, yəni ABŞ silahlarından uzaq hədəflərin vurulmasına icazə veriləcəyi mümkündür. ABŞ özü başda olmaqla 50-dən çox dövlətin daxil olduğu anti-Rusiya blokunun Ukraynaya dəstəyinin daha da güclənəcəyini bəyan edib.Onu da deyim ki, Rusiya hazırda əsas qüvvələri Pokrovska cəmləşdirdiyi üçün mövqeləri Kurskda nisbətən zəifləyib və bu, Ukrayna ordusuna Rusiyanın içərilərinə doğru hərəkəti irəlilətmək imkanları açıb”.

Quliyev hesab edir ki, yaxın həftələrdə Rusiya-Ukrayna cəbhəsində xeyli fərqli vəziyyətin yaranacağı qaçılmaz görünür.