Asəf Quliyev: Gürcüstan hakimiyyəti kifayət qədər güclüdür

Müxalifət sakitliklə, yəni sivil yolla seçkini, daha doğrusu, hakimiyyəti qazana bilməyəcək

Gürcüstanda seçki kampaniyası başlayıb. Seçki günü yaxınlaşdıqca seçki ehtirasları qızışır və ittihamlar sərt xarakter alır. Belə görünür ki, oktyabrın 26-da keçiriləcək seçki çox gərgin keçəcək və qarşıdurma ilə müşayiət olunacaq

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani bildirib ki, Seçki Administrasiyası seçki prosesinin qanunvericiliyin tam şəkildə qorunması, şəffaf, azad, demokratik şəraitdə və yüksək peşəkarlıqla keçirilməsi üçün bütün tədbirləri görür.
Qeyd edək ki, oktyabrın 26-da seçicilər dörd il müddətinə Gürcüstan parlamentinin 150 deputatını proporsional seçki sistemi əsasında seçəcəklər. Əsas mübarizə iqtidardakı "Gürcü arzusu" - Demokratik Gürcüstan partiyası ilə hakimiyyət təmsilçilərinin "radikal müxalifət" və "kollektiv Milli Hərəkat" adlandırdığı müxalifət düşərgəsi arasında gedəcək. Tamamilə proporsional sistem üzrə keçiriləcək seçkidə ümumilikdə 48 siyasi qüvvənin iştirak edəcəyi gözlənilir. Gürcüstan iqtidarı müxalifəti siyasi sabitliyi pozmaq və inqilab etməyə cəhddə ittiham edir. "Gürcü arzusu" təmsilçiləri iqtidar dəyişikliyi nəticəsində hakimiyyətə gələcək indiki müxalifətin ölkəni Rusiya ilə müharibəyə sürükləyəcəyini bildirir. Müxalifət isə hakimiyyəti seçkilərin nəticələrini saxtalaşdırmağa cəhddə ittiham edir və bunun qarşısını almaq üçün birləşir.

Araşdırmaçı-jurnalist Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda seçkiləri proqnozlaşdırmaq çox çətindir: 

“Bir müddət əvvəl baş verən etiraz aksiyaları elə təsəvvür yarada bilər ki, xalq hakim elitanın Rusiyayameyilli siyasətinə görə seçkidə hakimiyyəti dəyişəcək. Amma məlum olan odur ki, hazırkı müxalifətin də ciddi üstünlüyü yoxdur. 
Bəli, Gürcüstanın azad düşüncəli insanları hakimiyyəti bəyənmir. Amma onlar xalq kütlələrinin güvənə biləcəyi alternativ siyasi qüvvəni göstərməkdə çətinlik çəkirlər.  Buna görə də seçkilərdə hansı siyasi qüvvənin favorit olduğunu söyləmək çətindir. Bundan başqa, hakim elita kifayət qədər inzibati resurslara malikdir və ehtimal edirəm ki, bu resurslardan maksimum istifadə etməyə çalışacaq. Müxalifət sakitliklə, yəni sivil yolla seçkini, daha doğrusu, hakimiyyəti qazana bilməyəcək”.