Paşinyanın Vardanyanla bağlı suallarından bir nəticə çıxır -RƏY

Ermənistan hakimiyyəti birbaşa bu şəxsin kənar qüvvələr tərəfindən Azərbaycana təxribat üçün göndərildiyini təsdiqləyir
 
 
 Ermənistan Baş naziri Nikol Paşinyanın Bakıda həbsdə olan Ruben Vardanyan haqqında danışması və müəyyən suallar səsləndirməsi müzakirələrə səbəb olub. Paşinyanın açıqlamaları Ermənistanla yanaşı, Rusiya mediasının da mövzusuna çevrilib. Baş nazir dolayı yolla Moskvanı, daha doğrusu, Vardanyan kartından istifadə edən dairələri ittiham edib. Hökumətin Vardanyanla bağlı suallarının olduğunu söyləyib: "Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu bu mənada kim göndərib, Ermənistana göndərib, kim Qarabağa hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə göndərib?". Paşinyan daha sonra əlavə edib ki, İrəvan R.Vardanyanın kim olduğunu bilmir: "Bu suallara cavab istəyirik. Bu, həqiqətən də, bizim üzləşdiyimiz ciddi problemdir". Erməni nazirin sualları Ermənistanın xarici və daxili siyasətindəki qeyri-müəyyənlikləri, narahatlıqları da üzə çıxarıb. Qeyd edək ki, zamanında Ruben Vardanyanın Rusiya dövlətinin təklif etdiyi imtiyazlardan faydalanaraq qazandığı əhəmiyyətli güc və var-dövlət onu regionda, beynəlxalq arenada mühüm bir aktora çevirmişdi. Prezident Vladimir Putinin siyasi dəstəyi ilə Vardanyan Rusiya daxilindəki iqtisadi və siyasi mövqeyini möhkəmləndirmişdi. Lakin Rusiya ilə Qərb arasında artan gərginlik və sanksiyalar Vardanyanı yeni çıxış yolları axtarmağa vadar etdi. Rusiyaya xəyanət edən Vardanyan Rusiya ilə əlaqələrindən uzaqlaşaraq Qərb ölkələrinə yaxınlaşmağa başladı. Məhz bu səbəbdən bəzi şərhçilərə görə, Vardanyanın Qarabağ bölgəsinə göndərilməsi Qərb koalisiyasının strateji addımı kimi qiymətləndirilməlidir. Erməni politoloq Armen Badalyan isə deyib ki, Ermənistan hakimiyyəti Qərbin siyasətini həyata keçirir ki, bu da Rusiyanın regionda təsirinin tədricən neytrallaşdırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, Paşinyanın Vardanyanla bağlı sərt tənqidləri Rusiyaya qarşı yönəlib: "Vardanyanı Rusiya gətirib, özləri də azad etməlidir. Elə bir şey yoxdur ki, Vardanyan gəlib hərəkətə keçəcək, hamı təəccüblənəcək və 5 dəqiqədən sonra baş nazir olacaq. Belə bir şey olmayacaq".

 Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev "Sherg.az”a deyib ki, Nikol Paşinyanın terrorçu cani Ruben Vardanyan haqqında səsləndirdiyi suallardan o nəticə çıxır ki, Ermənistan hakimiyyəti birbaşa bu şəxsin kənar qüvvələr tərəfindən Azərbaycana təxribat üçün göndərildiyini təsdiqləyir. Ekspertin sözlərinə görə, bu açıqlamalar revanşist qüvvələrin Paşinyandan terrorçunu  müdafiə etməsinə və azadlığa buraxılması üçün Azərbaycanla danışıqlara başlama istəyinə cavabdır: 

"Vardanyan Bakıya ezam edilərkən o qədər arxayın edilmişdi ki, hətta mənsub olduğu ölkənin vətəndaşlığından imtina etmişdi. Məhz bu addımından sonra həm istifadə edildiyi ölkədən, həm də İrəvandan dəstəyini itirdi. Təbii ki, terrorçular Qarabağda qalsaydı, Vardanyanla əlaqəyə giriləcəkdi. Lakin ordumuzun ildırım sürətli əməliyyatı planları fiaskoya uğratdı. Ruben Vardanyan gərəksiz əşya kimi unuduldu. Əslində, unuduldu demək də doğru olmazdı, sadəcə, Azərbaycan Vardanyanın ağalarına heç bir şans vermədi".
 
Analitikin fikrincə, mövzunu təkrar gündəmə gətirməklə Paşinyan Rusiyanı hədəf göstərmək məqsədi güdür: 
"Baş nazir iki ölkə arasında normallaşma prosesində daha çox ikitərəfli əlaqələrin qurulmasında maraqlıdır. Bundan öncə Paşinyan danışıqlarda tərəf olaraq Fransanı irəli çəkməyə çalışırdısa, bu istək artıq keçərli deyil. İrəvanın yeganə çıxış yolu qonşu ölkələrə qarşı ərazi iddialarından və saxta soyqırım ittihamlarından əl çəkərək sülh sazişini tezliklə imzalamaqdır".