İrəvandan Moskvaya daha bir zərbə: Bu Rusiyanın səbr kasasını daşıran sonuncu damla ola bilər -ŞƏRH

Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılaraq, xarici dil statusuna keçiriləcək. Bir müddət əvvəl 8-ci sinif üçün ölkə tarixi üzrə yeni dərsliyə “Şərqi Ermənistanın Rusiya tərəfindən işğalı” haqqında mövzu da əlavə edilmişdi. Belə çıxır ki, Ermənistanın məqsədi Rusiyanın təsirini təkcə siyasətdə deyil, eləcə də təhsildə də azaltmaqdır. 
Rəsmi İrəvanın təhsil sistemində bu cür addımlar atmasını rəsmi Moskva necə qarşılayacaq?

Politoloq Sultan Zahidov "Sherg.az"a açıqlamasında Ermənistan və Rusiya arasında münasibətlərdə tarixdə misli görünməyən problemlərin yaşandığını bildirib:

"Bu gün Ermənistan açıq şəkildə Rusiyaya etibar etmədiyini, təhlükəsizliyi ilə bağlı vaxtı ikən etibar edərək çox böyük səhv etdiyini və bu səhvdən çıxış yolu kimi Qərb və Atlantik istiqamətinə inteqrasiyaya meyilli olduğunu bəyan edir. Rəsmi İrəvan ilk olaraq KTMT- də öz iştirakını dondurmaqla bu işə başladı. Həmçinin Rusiyanın dəvət etdiyi bir sıra başqa tədbirlərdə iştirak etməkdən boyun qaçırdı və Avropa Birliyinə üzvülük niyyətini bəyan etdi. 
Avqustun əvvəlində isə İrəvanın Zvartnots hava limanında Rusiya sərhədçilərinin çıxarılması həyata keçirildi. Sözsüz ki, bunlar Rusiya tərəfindən narazılıqla qarşılanan addımlardır. Rəsmi Moskva heç bir halda İrəvanın Qərb yönümlü olmasını, Qərbin göstərişi ilə hərəkət etməsini həzm etmək istəmir. İndi də Ermənistanda rus dili orta məktəblərdən baza dili kimi çıxarılır və xarici dil statusu verilir. Bu, sözsüz ki, Rusiyanın səbr kasasını daşıran sonuncu damla ola bilər. 
Rusiya postsovet məkanında həmişə rus dilinin, rus mədəniyyətinin inkişafına, təbliğatına, yayılmasına xüsusi həssaslıqla yanaşıb. Xatırlatmaq lazımdır ki, Rusiya qoşunlarının hazırda Ukraynada olmasının səbəblərindən biri də V.Putinin təbirincə desək Ukraynadakı rusafob hakimiyyətin olması, Ukraynadan rus dilinin yığışdırılması və bu kimi addımlar idi. Aydındır ki, bir ölkənin dili və mədəniyyəti həm də həmin ölkənin təbliğatı, nüfuzu, təsiri baxımından vacib amillərdən hesab olunur. Ermənistan indi bu amillərdən bir növ azad olmaq istəyir. Belə olan halda rəsmi Moskva tərəfindən sərt reaksiyalara, bəyanatlara şahidi olacayıq. Ermənistanın öz siyasətində müəyyən qədər geri çəkilməsinin də şahidi ola bilərik. Çünki dəfələrlə biz görmüşük ki, rəsmi İrəvan hansısa sərt addım atır daha sonra Rusiyanın etirazları ilə üzləşdikdə öz mövqeyini yumuşaldır. Çünki Ermənistan üçün Rusiya bir təhditdir. Ermənistana təsir göstərmək üçün Rusiyanın əlində kifayət qədər böyük siyasi- iqtisadi- hərbi amillər var".

Ekspert Ermənistan dərsliklərində Rusiyaya qarşı qərəzli yazıların çap edilməsindən də söz açıb:
"8- ci sinif üçün tarix dərsliyindəki Şərqi Ermənistanın Rusiya tərəfindən işğalı məsələsi cəfəngiyatdır. Çünki Ermənistan Rusiya tərəfindən işğal edilməyib. Çünki Ermənistan elə Rusiya  tərəfindən yaradılıb. Məhz Rusiyanın Cənubi Qafqaz regionunda dini tərkibi xristianlıq lehinə dəyişmək istəməsi səbəbindən 1828- ci il Türkmənçay sazişindən sonra kütləvi şəkildə ermənilərin Türkiyədən, İrandan Cənubi Qafqaza köçürülməsi prosesinə start verilib. Türkmənçay müqaviləsinin şərtlərindən biri də bunu deyirdi. Rusiya çalışırdı ki, həm Qafqazda xristianlar çoxalsınlar, müsəlmanlarla onlar arasında balans yaransın, həm də iki türk dövləti: Osmanlı və Azərbaycandakı xalq arasında bir barier, bufer zona formalaşdırmaq üçün Ermənistanı yaratsın. Erməni vilayəti, İrəvan quberniyası və daha sonra 1918- ci ildə Ermənistan yaradıldı. Bu gün Rusiya olmasa idi Ermənistan da mövcud ola bilməzdi. Ermənistan Rusiyaya şükür etməlidir, nəinki onu işğalda günahlandırmalıdır. Bunun hamısı məqsədyönlü siyasətin tərkib hissəsidir. Rəsmi İrəvan Qərb yolu tutduğundan, rəsmi Moskva ilə bağlarını qoparmaq istəyinə malik olduğundan təhsildə belə radikal dəyişikliklər həyata keçirməkdədir".