Uşaqlar bütün cəmiyyətlərin “qırmızı xətti”dir
“Çox təəssüf ki, artıq uşaqlar üçün təhlükəsiz yer qalmayıb. Məktəb, bağça, həyət, qohum evi, hər yer uşaqlar üçün real təhlükə mənbəyinə çevrilib”
Türkiyənin günlərlə ümidlə gözlədiyi 8 yaşlı Narin Gürandan 19 gün sonra sarsıdıcı xəbər gəlib. Balaca qızın cansız cəsədi kənddən 2 km aralıda çay yatağından tapılıb. Narin Güranın ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb.
Diyarbəkir Ədliyyə Tibb Qurumu Narin Güranın ayağındakı sınığın hücum, yoxsa zədə nəticəsində yarandığını araşdırır. Yekun hesabatın 15 gün ərzində açıqlanması gözlənilsə də, cəsədin həddindən artıq deformasiyaya uğramasının işi çətinləşdirdiyi ifadə edilir.
Məhkəmə tibb ekspertləri Narinin boynunda aşkar edilən şübhəli ləkənin boğulma nəticəsində meydana gəldiyinin qənaətindədirlər.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gün sonra meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı aralarında ailə üzvləri və qohumlarının da olduğu 23 nəfər saxlanılıb. Şübhəlilərin dindirilməsi davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələni nəzarətə götürüb.
Məlumat üçün bildirək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşdükdən günlər sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın böyük bacısının da illər əvvəl 7 yaşında öldüyü ortaya çıxıb. Əlilliyi olan azyaşlının pilləkəndən yıxılaraq həyatını itirdiyi bildirilib. Onun cəsədinin ekspertizadan keçirilmədən dəfn edildiyi məlum olub. Türkiyəli jurnalist Emruallah Erdinç Narinin bacısının ölümündə də şübhəli məqamların olduğunu iddia edib: “Ailənin illər əvvəl bir uşağı vəfat edir. Yıxılıb öldüyünü deyərək məsələnin üstünü bağlayırlar. Həmin azyaşlının məzarını açmaq və meyitini ekspertizadan keçirmək lazımdır. Cəsədin yoxlanılmadan dəfn edilməsi qəribədir. Narin öldürüldü, bacısı öldü. Bəs 7 yaşlı uşaq əslində necə ölüb?”.
Digər bir jurnalist Ersin Eroğlu isə Narinin qətlinin detallarını bilənlərin sayının çox olduğunu deyib: “Bölgə valiliyi və jandarm azyaşlının görməməsi lazım olan bir hadisəyə şahid olduğu üçün qətlə yetirildiyi mövzusunda həmfikirdir. Təxminən 20 nəfərin qətlin təfərrüatlarından xəbərdar olduğu güman edilir”.
Sosioloq Lalə Mehralı isə “Sherg.az"a açıqlamasında bu hadisənin “Nərmin işi” ilə bənzər olduğunu xatırladıb:
“Bilirsiniz ki, o zaman da hüquq-mühafizə orqanları Nərminin ailə üzvlərindən şübhələnmişdi. Sonradan istintaqın gedişi başqa istiqamətə doğru irəlilədi”.
Son illər uşaqlara qarşı zorakılıq və cinayət xəbərlərinin sayının artmasından ciddi narahat olduğunu vurğulayan sosioloq deyib ki, uşaqlar bütün cəmiyyətlərin “qırmızı xətti”dir. Onların toxunulmazlığı, hüquqlarının qorunması bütün dövlətlər üçün prioritet olub. Lakin son illər yanaşma dəyişib, bu məsələyə diqqət azalıb. Bu problem sadəcə Şərq ölkələrində, iqtisadiyyatı zəif olan ikinci, üçüncü dərəcəli dövlətlərdə yaşanmır. Dünyada güc mərkəzi hesab olunan Avropa, Amerika kimi ölkələrdə də uşaqların itkin düşməsi, öldürülməsi, zorakılığa məruz qalması kimi hadisələrə tez-tez rast gəlinir. Uşaqlar xüsusən də qlobal orqan mafiyasının əsas hədəflərindən biridir.
Narinin qətlinə gəldikdə isə L.Mehralı hesab edir ki, cinəyatkar elə ailə üzvlərindən biridir: “İstintaq getdiyi üçün konkret mövqe bildirmək çətindir. Lakin ilkin mülahizələrimə görə, günahkar və ya günahkarlar məhz ailənin içərisindədir. Ən pisi də məhz budur. Uşağı kənar təsirlərdən, yad adamlardan qorumaq olur, amma ailədəki təhlükədən qorumaq çox çətindir. Ailə uşağın özünü ən güvəndə, ən qayğısız hiss elədiyi yerdir. Ailə üzvlərindən zorakılıq, şiddət görən uşaqların sayı artdıqca, artıq cəmiyyətdə ciddi narahatlıq yaranıb. Uşaqlar özləri belə ailədə səksəkə içində yaşayır. Çox təəssüf ki, artıq uşaqlar üçün təhlükəsiz yer qalmayıb. Məktəb, bağça, həyət, qohum evi, hər yer uşaqlar üçün real təhlükə mənbəyinə çevrilib”.