Artıq müdafiə yox, hücum silahları alırlar
Xəbər verdiyimiz kimi, Ermənistan müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya səfər edib. O, koreyalı həmkarı və digər rəsmilərlə görüşüb. Ermənistanın Cənubi Koreyanın hərbi texnikaları ilə maraqlandığı, hətta hərbi əməkdaşlıq niyyətində olduğu vurğulanır. Yəni İrəvan Fransa, Hindistanla yanaşı Koreyadan da silah almaq niyyəti güdür. Müzakirə mövzusu “müharibədə süni intellektdən istifadəyə nəzarət” olub. Görünür, hərbi sahədə süni intellektdən istifadəni öyrənmək və tətbiq etmək Ermənistan üçün prioritetə çevrilib. Müzakirələrdə Cənubi Koreya ilə yanaşı, Niderland, Böyük Britaniya, Sinqapur və Keniyanın hərbi sahə üzrə rəsmiləri də iştirak ediblər. Ekspertlərə görə, Ermənistanın hərbi texnologiyalar sahəsində Hindistandan sonra texnoloji cəhətdən inkişaf etmiş ölkə olan Cənubi Koreya ilə əməkdaşlığa can atması da diqqət çəkəndir.
Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Ermənistan hökuməti ordunun yenidən qurulması və modernləşməsi prosesini həyata keçirir. Ekspertin sözlərinə görə, Ermənistanın silah-sursat aldığı ölkələrin sayı artmaqdadır:
"Artıq müdafiə yox, hücum silahları alırlar, uzaqmənzilli raketlər əldə edirlər, yeni növ hərbi texnikalara maraq göstərirlər. Əlbəttə, Ermənistanın bu niyyətini çox ciddi sorğulamaq lazımdır. Bir tərəfdən sülhdən bəhs etmək, müqavilə mətninin 80 faizinin hazır olduğunu demək, paralel olaraq isə silahlanmaq və hərbi əməkdaşlığın miqyasını genişləndirmək qeyri-səmimi mövqedir. Ermənistan kimə və nəyə qarşı ağır texnikalarla silahlanır, məqsəd nədir? Qərb Rusiyaya qarşı Ermənistan üzərindən yeni cəbhə açmaq niyyəti güdür. Ermənistanı ikinci Ukraynaya çevirmək istəyirlər. Yaxud da Azərbaycana qarşı yeni revanşist müharibənin başlanmasına nail olmağa çalışırlar. Bəlkə də, gələcəkdə Ermənistanla Qərbin ciddi yaxınlaşması reallaşarsa, İrana qarşı plasdarm kimi istifadə oluna bilər".
T.Rzayev əlavə edib ki, istənilən halda Ermənistanın özünü müdafiəsi üçün bu qədər silah alması çoxdur:
"Özünümüdafiə" iddiası inandırıcı deyil. İrəvan və onu silahlandıran Qərbin qarşısında konkret suallar qoyulmalıdır ki, onların məqsəfi, hədəfi nədir? Azərbaycan sülh tərəfdarıdır və çalışır ki, saziş ikitərəfli qaydada imzalansın. Bununla hərbi eskalasiya riski də ortadan qalxmış olsun. Ancaq hər ehtimala hazır olmalıyıq".