Dünya dövlətləri Fransanın azğınlaşmasına göz yumur -ANALİZ

Martinikdə baş verənlər də dünyaya demokratiya dərsi keçən Fransanın real mahiyyətini və nə qədər təhlükəli ölkə olduğunu göstərir
 
 
 Fransa idarəçiliyinə qarşı Martinikdə etirazlar başlayıb. Fransanın Karib dənizindəki müstəmləkəsi Martinik adasının rəhbərliyi ərzaq qiymətlərinin artırılmasına qarşı keçirilən nümayişlərdə şiddətə görə Fort-de-Fransın bəzi məhəllələrində komendant saatı tətbiq edib. Dinc etirazçılara qarşı təhlükəsizlik qüvvələri aşırı güc tətbiq ediblər. Martinik Qubernatorluğundan verilən açıqlamaya görə, Fort-de-France, Le Lamentin, Ducos və Le Robert şəhərlərində nümayişlər təşkil etmək və ictimai yerlərdə toplaşmaq qadağan edilib.
Təəssüf ki, Fransanın növbəti dəfə öz hüquqları uğrunda mübarizəyə qalxmış Martinik xalqına zor tətbiq etməsi rəsmi Parisin müstəmləkə siyasətinin tərkib hissəsidir. Martinik xalqının iqtisadi və sosial ədalət haqları repressiyaya məruz qalır. Martinik xalqının iqtisadi haqları ciddi şəkildə pozulur. Paris Martiniki məcbur edir ki, ticarəti ancaq Fransa ilə saxlasın, digər ərazilərlə iqtisadi əlaqələr qurmasın. Bu da adada qiymətlərin hədsiz qalxmasına səbəb olur. Martinikdə olan böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edirlər, yerli əhali isə əziyyət çəkir.
Fransa mətbuatında yer alan xəbərlərə görə, adada baş verən hadisələrdə indiyə qədər nəzarətə alınanların sayı 31-ə çatıb.
Məlumat üçün bildirək ki,  Fransa özünə “Azadlıq, bərabərlik və qardaşlıq” şüarını seçib. Hadisələrin gedişatı isə bunun əksinə olaraq göstərir  ki, bu gün Yelisey Sarayının  siyasətində bu tezislər öz təsdiqini tapmır.
 Fransa hər fürsət düşəndə insan hüquqları və azadlıqlarından danışır, əgər bu əməllərindən çəkinməsə, onun digər xalqların hüquqları, eləcə də insan hüquqları barədə danışması gülünc görünəcək. Fransa insan haqları haqqında hesabatlar yayır. Amma özü dünya müstəmləkə siyasətinin aparıcı ölkəsidir. Çox təəssüf ki, dünya birliyi və aparıcı beynəlxalq təşkilatlar da buna göz yumur.
Bu acı gerçək, ikili standart, yarıtmaz fəaliyyət, antihumanist siyasət  və ədalətsiz mövqe Fransanın təkcə daxili siyasətinə  deyil, həm də xarici  siyasətinə də aiddir. Fransanın Cənubi Qafqaz ölkələrinə, konkret desək, Azərbaycana və Ermənistana münasibəti tipik ikili standartlar nümunəsidir. Fransanın Azərbaycan əleyhinə qəti, dəyişməz və qəbuledilməz mövqe tutması, 30 il ərzində vasitəçilik pərdəsi ilə maskalanaraq regionda işğal və təcavüzün davamlılığına şərait yaratması, Azərbaycanın öz ərazilərini işğaldan və təcavüzdən qurtarmasından sonra anti-Azərbaycan mövqe tutaraq açıq şəkildə işğalı və separatizmi dəstəkləyən bəyanatlar verərək ölkəmizi hədəfə alması bu ölkənin ümumbəşəri niyyətlərə sadiq olmadığını və beynəlxalq hüququ heçə saydığını göstərir.

 Strateji Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a açıqlamasında  deyib ki, Fransanın Martinikdə həyata  keçirdiyi müstəmləkəçilik siyasəti insan hüquqlarının və beynəlxalq ədalət prinsiplərinin  pozulmasının bariz nümunəsidir:

 “Fransanın işğal altında saxladığı ərazilərdə kütləvi şəkildə insan hüquq və azadlıqlarını pozduğu, insanların fundamental hüquqlarına hörmət etmədiyi bir daha bütün dünya ictimaiyyətinə bəlli oldu.
Bəşəri dəyərləri qorumaq qlobal məsuliyyət şüuru tələb etdiyi indiki dövrdə Fransanın müstəmləkəçiliyi dövlət ideologiyası halına gətirməyi qəbuledilməzdir. Lakin çox təəssüflər olsun ki, dünya dövlətləri Fransanın azğınlaşmasına göz yumur. Onun çağdaş neokolonizm siyasətinə qarşı  real addımlar atmır. Fransa isə bütün hədləri aşaraq koloniyalardakı insanlara qarşı ağlasığmaz vəhşiliklər və  hüquqi cinayətlər törədir. Bu gün Martinikdə baş verənlər də dünyaya demokratiya dərsi keçən Fransanın real mahiyyətini və nə qədər təhlükəli ölkə olduğunu göstərir. Dinc etirazçıların üstünə  xüsusi təyinatlı polis dəstələri göndərib onlara qarşı güc tətbiq etməsi Fransanın normal dialoq dilindən  anlamadığını və zorakılıq dilinin Fransa siyasətində əsas vasitə  olduğunu nümayiş etdirir.  Bu gün Martinikdə yaşanan hadisələr daha əvvəl Fransanın Yeni Kaledoniya, Korsika adaları və başqa ərazilərdə etdiyi özbaşınalığın davamıdır. Fransa öz qüvvələrindən istifadə edərək etirazçılara divan tutur. Bununla kifayətlənməyən Fransa bütün dünyanın gözü qarşısında müstəmləkə siyasətinə haqq qazandıran referendumları da saxtalaşdırır. BMT-nin Təhlükəsizlik Şurasının üzvünün bu cür siyasət yürütməsinin nə dərəcədə düzgün olduğu sual altındadır. Təəssüf ki, beynəlxalq  birlik susduqca,  Fransa Martinikdə və digər koloniyalarda soyqırımlarını davam etdirəcək”.