Martinik xalqına növbəti dəfə zor tətbiq edildi - ŞƏRH

Fransız rejimin müstəmləkə şakəri bitmək bilmir

  Yeni Kaledoniyada başlayan və Fransanın digər dənizaşırı koloniyalarında yaranan müstəqillik hərəkatları Martinik adasında baş qaldırıb. Adada ağır həyat şərtləri səbəbindən başlayan etirazlar hələ də davam edir. Bir neçə həftədir ki, Fransa Martinikdə etiraz aksiyalarının qarşısını ala bilmir.
Qeyd edək ki, Martinikdə ərzaq məhsullarının qiyməti Fransanın kontinental ərazilərindən 40 faiz daha baha, gəlirlər isə daha azdır.
Fransa hökuməti Martiniki məcbur edir ki, ticarəti ancaq materik Fransası ilə saxlasın, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın. Bu da adada qiymətlərin hədsiz qalxmasına səbəb olur. Martinikdə olan böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir.
Fransa müstəmləkə altında olan xalqların problemlərini zorakı üsullarla həll etməyə üstünlük verir. Bu səbəbdən də beynəlxalq ictimaiyyət Fransaya təzyiq göstərməli, hüquq standartlarına hörmət etməsini tələb etməlidir.
  Görünən odur ki, 400 ilə yaxın bir dövrdə Fransanın əsarət altında saxladığı Martinik adası artıq müstəqil olmaq, Fransa əsarəti altından çıxmaq istəyir. Öz müqəddəratını özü təyin etmək istəyən martiniklilər dünya birliyi, Nizamnaməsi Fransa tərəfindən kobud şəkildə pozulan BMT və digər aparıcı beynəlxalq təşkilatların dəstəyinə ehtiyac duyur. Həmin dəstək olmayacaqsa, demokratiya və insan haqlarından danışan aparıcı beynəlxalq təşkilatlar və dövlətlər yenə də ikili standartlarla hərəkət edəcəksə, bu, onların nüfuzuna növbəti zərbə olacaq.
  Tarixi mənbələrə istinad edən siyasi şərhçi Azər Niftiyevin “Sherg.az"a açıqlamasına görə, Martinik uzun illər qul və kölə əməyinin "oylağına" çevrilib. Fransız müstəmləkəsinə çevrilən adada zorla işlətmə, işgəncələr geniş vüsət alıb:

“1635-ci ildə Martiniki müstəmləkə elan edən və bu adada şəkər plantasiyaları yaradan Fransa çox qısa müddət sonra Afrikadan kölələr gətirib və yerli əhali üzərində iqtisadi və sosial nəzarətini gücləndirib. Yerli Karib hindularının çoxu müstəmləkə dövrünün elə ilk illərindəcə məhv edilərək, bu adadan sürgün olunub. Fransanın adaya qarşı tətbiq etdiyi çirkin və məkrli siyasət uzun müddət "kolonial idarəetmə" modelini xatırlatmaqla davam edir. Martinikdəki iqtisadiyyat Fransa investorları tərəfindən idarə olunur, bu isə öz növbəsində yerli əhalinin iqtisadi cəhətdən asılı vəziyyətdə qalmasına, ada əhalisinin hüquqlarının kobud surətdə pozulmasına səbəb olub. XX əsrin ortalarında isə Martinikdə kütləvi şəkildə istifadə olunan "chlordecone" pestisidi çox böyük miqyasda zəhərlənmə və tələfatlara gətirib çıxarıb. Adanın əhalisinin 90 faizi ekoloji terror qurbanına çevrilib. Qəddar və amansız firənglər qurbanlarının statistikasını günahsız sakinlərinin - martiniklilərin hesabına daha da "zənginləşdirib"”.
  Adanın sakinlərinin bu gün Fransanın istismarı və müstəmləkəçiliyinə qarşı mübarizə apardıqlarını vurğulayan A.Niftiyev deyib ki, onlar Fransa zülmündən çox əziyyət çəkirlər: “Martinik əhalisi ağır səfalət, işsizlik və yoxsulluq həddində yaşayır. "Demokratiya carçısı" Fransa ada xalqının müqəddəratını təyinetmə hüququnu təmin etmir, bununla da, BMT-nin Nizamnaməsini pozur. Hansı ki, BMT-nin Nizamnaməsinə görə, Fransa Martinik xalqına özünüidarəetmə və ya müstəqillik hüququ verməlidir. Martinikə ayrılan subsidiyaların əksəriyyəti buraya planlı şəkildə köçürülmüş ağdərili fransızlara verilir. "Qoca qitə"nin lokomotiv ölkəsi, lider Qərbi Avropa dövləti çat verir. Bəşəriyyət inqilabi texnologiyalar əsrində neokolonial siyasətin ən amansız və aşkar təhdidi ilə üz-üzə dayanıb.
  Paris öz haqları uğrunda mübarizə aparan Martinik xalqına növbəti dəfə zor tətbiq edir. Fransız rejimin müstəmləkə şakəri bitmək bilmir. Martinik xalqının ifadə azadlığına qarşı amansız hücumlar, aksiyada iştirak edən ada sakinlərinə qarşı qəddarlıq Parisin mahiyyətini yenidən tam çılpaqlığı ilə ortaya qoyur.
Bu xalq etirazlarını əksər dünya dövlətləri, eləcə də Azərbaycan diqqətlə izləyir. Fransa neokolonializmi və imperializmindən əziyyət çəkən xalqlara dəstək məqsədilə Bakıda keçirilən konfransları həmçinin Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu kontekstdə xüsusi qeyd oluna bilər”.