Bunun müqabilində Rusiyanın Cənubi Osetiyanı Gürcüstana qaytarması mümkündür
“Gürcüstanda hakim partiya yenidən qələbə əldə edəcəksə, Zəngəzur dəhlizinin açılması yaxınlaşacaq”.
Bu sözləri “Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Avropa İttifaqı rəsmilərinin Gürcüstan hökuməti ilə görüşləri dayandırdığını vurğulayan politoloqun sözlərinə görə, bu ay keçiriləcək seçkilərdə hakim "Gürcü Arzusu" Partiyasının qalib gəlməsi gözlənilir:
“Partiyanın lideri B.İvanaşvili seçkiyə qatılır. Görünür, seçkilərdə partiyasi qələbə qazanacaqsa, Baş nazir postunda əyləşə bilər. Çünki Qərblə əlaqələr qırılaraq Rusiya ilə yaxınlaşma kursu həyata keçiriləcək. Gürcüstan hökuməti bunu müstəqil siyasət kimi xarakterizə etsə də, qəbul etdiyi qərarlar və Moskva ilə yaxınlaşmaq siyasəti avtoritar sistemə keçid kimi dəyərləndirmək olar.
Gələn aydan Gürcüstan üçün yeni bir çətin siyasi mərhələ başlayacaq. Hökumət Cənubi Osetiya və Abxaziyada separatizmə son vermək üçün Moskva ilə sıx əməkdaşlıq edəcək. Həmçinin daxildə müxalifəti sıradan çıxaracaq. Bunun nəticəsində Qərbin Gürcüstana sanksiyaları sərtləşəcək. Viza rejimi yenidən tətbiq ediləcək. Avropa İttifaqına üzvlük namizədliyi ləğv ediləcək. Qərb Ermənistanı ikinci Gürcüstan müstəvisinə gətirir. Demək olar ki, Gürcüstan hakimiyyəti Qərblə əlaqələri sona çatdırır. Bunun müqabilində Rusiyanın Cənubi Osetiyanı Gürcüstana qaytarması mümkündür. Amma Rusiya ordusu Cənubi Osetiyada qalmaq şərti ilə bu sövdələşməyə getməsi mümkündür. Abxaziya isə Gürcüstan hakimiyyətinin nəzarətinə verilməyəcək. Artıq Azərbaycanın iştirakçısı olduğu "Orta dəhliz" Gürcüstandan deyil, Ermənistan ərazisindən, Zəngəzurdan keçəcək. Qərb də Orta dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.