Rus dilini bilməyən əcnəbilərin vətəndaşlığı ləğv olunacaq -RƏY

Rusiyanın  miqrantlarla bağlı sərt qərarları, birmənalı olaraq milli təhlükəsizliyi ilə bağlıdır
 
 
 Rusiya üç il ərzində 14 min əcnəbiyə miqrant statusu verməkdən imtina edib. Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Rusiya DİN üç il ərzində dili bilməməsi səbəbindən 14 min əcnəbiyə miqrant statusu verməkdən imtina edib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən bu cür müraciətlərə baxılarkən vaxtaşırı rus dilini minimum səviyyədə bilməyən, lakin eyni zamanda müvafiq sertifikatlara malik olan əcnəbiləri müəyyən edirlər.
Açıqlamada o da vurğulanıb ki, rus dilini bilməyən əcnəbilərin yaşayış icazəsi və Rusiya vətəndaşlığı ləğv olunacaq.

Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Vüqar Dadaşovun sözlərinə görə, hələ bir neçə il bundan əvvəl Rusiya miqrantların ölkəyə qəbulu ilə bağlı qanunun tələblərini  sərtləşdirib. Həmin şərtlər içində rus dili, rus tarix bilgisi, peşə bacarığı əsas tələblərdəndir:

“Əslində, Rusiya miqrantların ölkədə məskunlaşmasında keçmiş sovet respublikalarından olan vətəndaşlara həmişə üstünlük verib. Rusiyanın  miqrantlara bağlı sərt qərarları, birmənalı olaraq milli təhlükəsizliyi ilə bağlıdır. Moskvada son "Krokus" terror aktında Orta Asiya vətəndaşlarının təşkilatçılığı, eləcə də Rusiyanın içərisində dron hücumları, partlayışlar Rusiyanı qəti addım atmağa məcbur edib. Rusiya miqrantlarla bağlı qəti və sərt hərəkətə keçib. Hətta Tacikistan Rusiyaya onun vətəndaşlarına qarşı davranışlarına görə rəsmi nota da vermişdi. Hazırda Rusiyanın Ukraynada apardığı mübaribə ilə əlaqədar həm işçi və həm də  orduya şəxsi heyətə ehtiyacı olduğu halda 14 min miqrantın qeydiyyatına imtina etməsi təbii ki, ancaq təhlükəsizlik və siyasi sabitlik üçün atılan vacib addımdır.
 Rusiya üçün indiki halda iqtisadi vəziyyət o qədər də önəm kəsb etmir. Miqrantlardan imtinanın Rusiya iqtisadiyyatına təsiri demək olar ki, hiss olunmayacaq. Həmçinin həmin miqrantların yerini digər keçmiş sovet respublikaları vətəndaşları və eləcə də tanınmamış Abxaziya və Cənubi Osetiyadan olanlar doldurmağa hazırdır”.

 V.Dadaşovun sözlərinə görə, imtina olunan miqrantların içində  Çin, Hindistan və xüsusən də Orta Asiyadan olan miqrantlar çoxluq təşkil edir. Heç şübhəsiz ki, Rusiya öz təhlükəsizliyini təmin etmək məqsədilə ölkədaxili qanunlara istinadən sərt qərarlar qəbul edir: 
“Ancaq eyni zamanda da Rusiya dövləti qeyri-qanuni yollara da əl atır. Xüsusən də ölkədaxili radikal millətçi qruplardan, skenxetlərdən miqrantlara qarşı "bloklayıcı" vasitə  kimi istifadə edilir.  Siyasi aspektdən isə Rusiyaya heç bir halda irad, yaxud təzyiq etmək mümkün deyil, çünki bu, Rusiyanın öz daxili işi və suveren hüququdur.  Qaldı ki Rusiyada yaşayan azərbaycanlılara, əlbəttə ki, Rusiya miqrant məsələsində ancaq azərbaycanlılara qarşı əməliyyat keçirmir. Əksinə, azərbaycanlılara qarşı nisbətən loyal münasibət mövcuddur, xüsusən də, rəsmi Bakı və Moskva arasında "müttəfiqlik" mahiyyətinə uyğun Moskva bəyannaməsinin imzalanmasından sonra. Hazırda da Rusiyada üç milyondan çox etnik azərbaycanlı yaşayır və onların seçimlə, məqsədli şəkildlə çıxardılması düşüncəsi əsassızdır”.