Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib ki, bir ay içərisində Prezidenti impiçment edəcəyik. Hökumət başçısı ölkə prezidenti Salome Zurabişvilinin texniki hökumət elan edəcəyi ilə bağlı suala cavabında bildirib ki, dövlət başçısı özü bir ay içərisində texniki olaraq impiçment ediləcək. Kobaxidze cavabında bildirib ki, biz bir aya Prezidenti texniki olaraq impiçment edəcəyik. Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili seçkilərdən sonra ölkənin keçid dövrünün təmin edilməsi məqsədilə təklif etdiyi “texniki hökumət”in tərkibini elan edəcəyini, onun üzvlərinin siyasətçi olmayan şəxslərdən təşkil olunacağını bəyan edib.
Politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, Gürcüstanda Qərb və Şərq toqquşması özünün ən pik həddinə çatıb:
“Gürcüstanda bir tərəfdən Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı, digər tərəfdən isə Rusiya və Çin bloku üz-üzə gəlir. Beləliklə getdikcə konfrantasiya güclənir. Bu isə rusiyameyilli qüvvələr ilə qərbpərəst qüvvələr arasında münaqişənin dərinləşməsinə gətirib çıxarır. Gürcüstanda “Gürcü Arzusu” partiyası isə rusiyameyilli siyasət yürüdür. Baxmaraq ki, Gürcüstan Qərbə inteqrasiya yolunu seçmişdi, amma İrakli Kobaxidze açıq şəkildə Rusiya və Çinlə yaxınlaşmaqdan danışırdı. Ölkə prezidenti Salome Zurabişvili isə Qərbə yaxın adamdır, xüsusilə də Fransanın fikirlərini Gürcüstanda qoruyur. Belə bir məqamda isə Gürcüstanda Baş nazirlə prezidentin fikirləri üst-üstə düşmür. Artıq bir neçə dəfədir ki, prezidentlə bağlı impiçmentin keçirilməsi açıqlanır və tam baş tutmur. Düşünürəm ki, əvvəl-axır sözügedən impiçmenti həyata keçirəcəklər. İmpiçment məsələsi belə uzanmağa davam edərsə, bir müddət sonra Salome Zurabişvilinin prezidentlik müddəti başa çatacaq”.