Gürcüstanda inqilab ehtimalı yoxdur -ŞƏRH

Gürcü ictimaiyyəti milli identikliyə, ərazi bütövlüyünə səs verməlidir



 Gürcüstanda 26 oktyabrda keçiriləcək parlament seçkiləri öncəsi siyasi gərginlik davam edir. Artıq ölkəyə beynəlxalq müşahidəçilər gəlib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkiləri izləmək üçün 392 qısamüddətli ekspert göndərib. Bundan əlavə, ABŞ-nin Milli Demokratik və Beynəlxalq Respublikaçı İnstitutları 25 ekspertini ölkəyə cəlb edərək Gürcüstanın siyasi proseslərinə maraqlarını nümayiş etdirir. Seçkiyə hazırlıq dövründə Gürcüstana ABŞ-dən yüksək səviyyəli nümayəndə heyəti səfər edib. Senat üzvü Jean Shaheen və konqresmen Mike Turner müxalifət liderləri ilə görüşərək seçki prosesini yaxından izləyəcəklərini və Gürcüstanda demokratik dəyərləri dəstəkləyəcəklərini bildiriblər. Gürcü müxalifət lideri Badri Japaridze, ABŞ-nin seçkilərdə müşahidə aparmaq və demokratiyanın müdafiəsi üçün konkret dəstək vəd etdiyini açıqlayıb. Seçkilərlə yanaşı, ölkədə müzakirə olunan qanunlar da siyasi mənzərənin formalaşmasında mühüm rol oynayır. LGBT təbliğatının qadağan olunmasını nəzərdə tutan qanunun ikinci oxunuşda qəbul edilməsi Qərbdə narazılıqla qarşılanıb. Avropa İttifaqı Gürcüstanın Avropaya inteqrasiya prosesini donduracağını və vizasız rejimi ləğv edə biləcəyini bildirib. Hakim partiya isə əminliklə bildirir ki, konservativ təşəbbüslər – xarici agentlər haqqında qanun, pravoslavlığın dövlət dini elan edilməsi – onların seçicilərinin dəstəyini qazanacaq. Baş nazir İrakli Kobaxidze müxalifətin 26 oktyabrda kütləvi etirazlar təşkil etməyə hazırlaşdığını və iğtişaşlar törətmək istədiyini bəyan edib. O, müxalifətin ABŞ və Aİ-dəki “müharibə tərəfdarları” tərəfindən dəstəkləndiyini iddia edib. Rusiya xarici kəşfiyyatı da Gürcüstana “rəngli inqilab” təhlükəsi barədə xəbərdarlıq edib. Hakim partiya isə yeni parlamentdə müxalifətin təmsil olunmaya biləcəyini istisna etmir. “Gürcü Arzusu”nun liderləri 2008-ci il müharibəsinə görə müxalifəti ittiham edir və bu partiyanı məhkəmə yolu ilə qadağan etməyə hazırlaşırlar. Siyasi analitiklər "Gürcü Arzusu"nun seçkidə qalib gələcəyini və hətta konstitusion çoxluq əldə edə biləcəyini proqnozlaşdırırlar. Mamradze, Qərb maliyyə dəstəyinin müxalifətə yönəldildiyini və bunun onların seçki sonrası etirazları gücləndirə biləcəyini irəli sürür. Lakin hər iki analitik müxalifətin Gürcüstanda inqilab etmək ehtimalını zəif hesab edir. Qeyd olunur ki, Gürcüstanda oktyabr seçkiləri yalnız daxili siyasi proseslər üçün deyil, həm də regiondakı geosiyasi balans üçün kritik əhəmiyyət kəsb edir. ABŞ və Rusiya arasında gərginliyin fonunda Gürcüstanın hansı istiqamətdə irəliləyəcəyi bütün Cənubi Qafqaz regionuna təsir göstərə bilər. 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Qərb Gürcüstan rəhbərliyinə təzyiq göstərmək və seçki kampaniyasının gedişatına təsir etmək istəyir: "Gürcüstandakı) seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb ölkələrinin Gürcüstanın hazırkı rəhbərliyinə açıq-aşkar təzyiq göstərmək və seçki kampaniyasının gedişatına açıq-aşkar birbaşa təsir etmək cəhdlərini görürük. Biz heç bir şəkildə Gürcüstannı daxili işlərinə qarışmırıq və qarışmağa da hazırlaşmırıq. Gürcüstan bizim qonşumuzdur, siz bizim ikitərəfli münasibətlərimizdəki bütün çətinlikləri bilirsiniz, bununla belə bu çətinliklər iki ölkənin cəmiyyətlərinin, xalqlarının xətti ilə humanitar əlaqələrin inkişafına mane olmur”. O, hər iki ölkənin sakinlərinin qarşılıqlı səfərlər etdiyini də qeyd edib. Ümumiyyətlə, ABŞ və bir sıra Qərb ölkələrinin, o cümlədən beynəlxalq təşkilatların Cənubi Qafqaza, Gürcüstana yönəlik addımları və bəyanatları intensiv hal alıb. Son günlərdə “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch” kimi qurumlar qonşu Gürcüstanı hədəf ölkə seçiblər. Həmin təşkilatlar öz qərəzli hesabatları ilə Gürcüstana total hücumlar təşkil etməklə, qonşu dövləti qlobal ictimai rəyin hədəfinə çevirmək, hansısa güzəştlərə sövq etmək istəyirlər. Qərb təşkilatları qondarma məsələlər üzrə Gürcüstana qarşı bəyanatlar verməklə kifayətlənmirlər. Həm də bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinə çalışırlar. Bu işi əvvəlcə “insan haqlarını müdafiə edən təşkilatlar” müstəvisində həyata keçirirlər. Daha sonra dövlətlərarası təşkilatların siyasətində əks etdirirlər. İkili yanaşma təkcə Gürcüstana qarşı deyil, Azərbaycana yönəlik siyasətdə də özünü büruzə verir. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməsində qeyd edirdi ki, onlar "Gürcü Arzusu" partiyasının ölkə vətəndaşlarının seçki hüququna hörmət edəcəyinə ümid bəsləyir. Ekspert vurğulayıb ki, bunun ardınca qətnamədə vurğulanır ki, hakimiyyət təhvil verilməlidir: 

"Yəni AP Gürcüstanda siyasi hakimiyyətin təhvil verilməsi ilə bağlı anons verdilər. Bu o deməkdir ki, seçki günü Avropa Parlamenti tərəfindən, Qərbdən gələn digər müşahidəçilər tərəfindən hazırlanmış şablon bəyanatlar artıq mövcuddur. Gürcüstanda Qərb-Rusiya arasında mübarizə şiddətlənir. Bura hətta Çini də əlavə etmək olar. Çin Gürcüstanın Anakliya limanını nəzarətə götürmək istəyir. Zənzəgur dəhlizi ilə bağlı maraqlar da məlumdur. Baş verənlər Gürcüstanı ciddi seçim qarşısında qoyur. Bidzina İvanaşvili seçki platformasına Mtsxetadan başlayıb. Tbilis yaxınlığındakı bu bölgə ona görə önəmlidir ki, gürcülər Qərb və İran arasında, yəni Vatikan və Bizans imperiyası arasında qalarkən provaslavlığı seçdilər. İndi Qərb və Rusiya arasında qalan gürcülər öz seçimlərini etməkdədirlər. "Gürcü Arzusu" partiyası öz çağırışlarında milli-mənəvi dəyərlərə vurğu edir. Provoslavlıq kilsəsinə rəsmi statusun veriləcəyi deyilir. Yaxud cinsi azlıqlarla bağlı məsələdə hakim partiya qorxmadan, çəkinmədən cinsi azlıqların qeydiyyata alınmaması, vətəndaş nikahı ilə bağlı çox radikal addımlar atdı. Bu, konstruktiv və gürcü xalqının ruhuna uyğun yanaşmadır. Düzdür, gürcü cəmiyyəti bugün həmrəy deyil və bir neçə hissəyə bölünüb. Gənclər və SSRİ-ni görmüş orta nəsil arasında dəyərlərlə, adət-ənənələrlə bağlı ciddi fərqlər var. Etiraf edək ki, artıq 20 ildir Gürcüstanda həyat tərzi Avropa tərzinə bənzəməyə başlayıb. Təbii ki, bu məsələ çətinliklər yaradır. Gürcü ictimaiyyəti ya milli identikliyə, ərazi bütövlüyünə səs verməlidirlər, yaxud da Avropada sözdə tez-tez səslənən "insan hüquqları", "demokratiya" kimi nüanslara səs verəcəklər".