BMT olmasaydı belə, Böyük Britaniya yəhudilərin dövlət yaratmasına icazə verəcəkdi
Fransa Prezidenti Emmanuel Makron deyib ki, Baş nazir Benyamin Netanyahu İsrailin BMT-nin qərarı ilə yaradıldığını unutmamalıdır. Makronun bəyanatının əsas səbəbi İsrailin BMT əleyhinə kəskin bəyanatlar verməsi və təşkilatın Baş katibi Antonio Quterreşin ölkəyə girişinə qadağa qoymasıdır. Bununla belə, ekspertlərə görə, Makronun “İsrail BMT-nin qərarı ilə yaradılıb” sözləri qərəzlidir, lakin bütünlüklə yanlış deyil. 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanmış paylaşma planı ilə Fələstin bölgəsində müstəqil ərəb və yəhudi dövlətləri ilə birlikdə beynəlxalq Qüds rəhbərliyinin qurulması istənildi. Nəticədə İsrail 1948-ci ildə müstəqilliyini elan etdi. BMT-nin Nizamnaməsi isə 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb. 1945-ci il 24 oktyabrda qüvvəyə minib. Yəni BMT 1945-ci ildə yaranıb. Cəmi üç ildir fəaliyyət göstərən bir ölkənin sıfırdan, özü də ərəblərin yaşadığı bir regionda yəhudi dövləti yaratması mümkünsüzdür.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, rəsmi olaraq İsrail BMT qərarı ilə qurulsa da, tarixi mərhələdə İsrailin qurucusu Böyük Britaniya imperiyası idi. Ekspertə görə, yəhudi dövləti və sionizmin “fikir atası” Teodor Herzl yəhudilərin dünyanın hər yerində ikili standartlara, yəni antisemitizmə məruz qaldığını düşünür, buna görə bir dövlətlərinin olmasını istəyirdi:
"Bu minvalla o, dövrün nüfuzlu, varlı və siyasi əlaqələri geniş olan yəhudiləri ilə təmas quraraq arzusunu gerçəkləşdirməyi düşünürdü. Sözügedən məsələdə ilk ciddi təşəbbüsü Osmanlıda tanınan yəhudi hüquqşunas Emmanuel Karasu ilə təmas qurması olur. Karasu dövrün Osmanlı sultanı II Əbdülhəmidlə yaxın olduğu üçün Herzl onun hüzuruna çıxara bilir. Herzl sultandan Fələstində yəhudilər üçün torpaq satmağını, əvəzində Osmanlının bütün xarici borclarını ödəməyi təklif edir. Bilinənin əksinə, II Əbdülhəmid Herzlə kobud davranmır, lakin əsl niyyətini sezərək təklifini rədd edir. Herzl bundan sonra Böyük Britaniyanın qapısını döyür və dəstək qazanmağa çalışır. O, 1904-cü ilə qədər səylərini davam etdirsə də, ömrü yetmir. Bununla belə, Britaniyada yaşayan nüfuzlu və varlı yəhudilər T.Herzlin yəhudi dövləti ideyasını davam etdirir. 1914-cü ilin noyabrında Osmanlı imperiyasına müharibə elan etdikdən dərhal sonra İngilis Müharibə Kabineti savaş xərclərini qarşılamaq üçün varlı və nüfuzlu yəhudilərin dəstəyini qazanmaq məqsədilə hərəkətə keçdi. 1917-ci ildə İngiltərə hökuməti Fələstində, yəhudi əhalinin az məskunlaşdığı Osmanlı bölgəsində “Yəhudi xalqı üçün milli ev”in qurulmasına dəstəyini elan edən Balfur Bəyannaməsini açıqladı".
T.Rzayev vurğulayıb ki, Osmanlının I Dünya müharibəsində məğlub olmasından sonra Fələstin Böyük Britaniya mandatı halına gəldi və Balfur Bəyannaməsinə uyğun olaraq yəhudilərin bölgəyə kütləvi köçünə başlanıldı:
"Lakin tədricən proseslər Böyük Britaniyanın nəzarətindən çıxdı. Vəziyyəti görən Britaniya Fələstinin gələcəyini cəmi üç ildir qurulan BMT-nin öhdəsinə buraxdı. Nəticə etibarilə BMT olmasaydı belə, Böyük Britaniya yəhudilərin dövlət yaratmasına icazə verəcəkdi. Sadəcə bunu Böyük Britaniya etsəydi, imperiyanın digər müstəmləkələrində bənzər tələblər irəli sürülməsi ilə nəticələnə bilərdi. Digər tərəfdən, ingilislər regionda yenə özlərinin yaratdığı ərəb dövlətləri ilə münasibətlərin pisləşməsini istəmədiyi üçün belə bir qərar verdi. İsrail dövlətini yaradan BMT yox, Böyük Britaniyadır".