ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı üçüncü sui-qəsd cəhdində şübhəli bilinən Vem Miller milliyətcə erməni olduğunu açıqlayıb. O, bu barədə “Fox News Digital”a müsahibəsində danışıb. Miller saxlanılarkən avtomobilindən tapılan saxta şəxsiyyət vəsiqələri və pasportlar barədə suala cavab verərkən onların saxta olmadığını iddia edib. Onun sözlərinə görə, o, ermənidir və üzərində əsl erməni ad və soyadını əks etdirən sənədlərə sahibdir. 49 yaşlı V.Miller, həmçinin ona qarşı ittihamların gerçək olmadığını vurğulayıb. Qeyd edək ki, Vem Miller oktyabrın 12-də Kaliforniyada Donald Trampın seçkiqabağı mitinqinin keçirildiyi yerin yaxınlığında, nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Yoxlanış zamanı qara yolsuzluq avtomobili idarə edən Millerin maşınında silah aşkar edilib. O, qanunsuz silah gəzdirdiyinə görə saxlanılsa da, sonradan girov müqabilində sərbəst buraxılıb. Yerli şerif Çad Byanko insidentin Trampa qarşı növbəti sui-qəsd cəhdi ola biləcəyini ehtimal edib. Buna baxmayaraq, ona qarşı hələ federal ittihamlar irəli sürülməyib. Onu da xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalmış və qulağından yaralanmışdı. Sentyabrın 15-də isə keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a vurğulayıb ki, Donald Trumpa sui-qəst edən şəxsin erməni olması məsələsi rəsmi təsdiqini tapmayıb:
“Amma bu kimi məsələlərdə sui-qəsd edən şəxsin etnik mənsubiyyəti dövlətlərarası münasibətlərə tam mənada xələl gətirə bilməz. Ümumi mənzərə onu deməyə əsas verir ki, erməni lobbisi hazırda Trampın prezident seçilməməsi üçün var gücü ilə çalışır. Sui-qəsd məsələsinin də göz ardı edilməməsi lazımdır. Donald Trampın Cənubi Qafqazla və Azərbaycanla münasibətlərə isti yanaşması erməniləri vadar edir ki, onun prezident seçilməsinin qarşısını alsınlar. Amma son seçkidən öncəki nəticələr göstərir ki, Donald Tramp cuzi fərqlə də olsa öndədir. Həmin erməni öz millət təşəbbüskarlığından irəli gələrək Trampa qarşı belə sui-qəst planına cəhd göstərə bilər. Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd olan əsas şəxslərdən birinin hansısa millətin milli təşəbbüskarlığı üzündən sui-qəsdin törədilməsi dünyanın ən böyük ölkəsi üçün utancvericidir. Təkcə Amerika deyil, bütün ölkələr erməni xəstə milliyətçiliyinin nə qədər təhlükəli olduğunu görməlidir”.