Parlamentari: Gürcüstanda xaos olsa regionun təhlükəsizliyinə təhdid yaradar

Təsadüfi deyil ki, dünya mətbuatı bu seçkiləri “geosiyasi seçkilər” adlandırır

 ABŞ və kollektiv Qərb bütün imkanlarını mövcud hakimiyyətin dəyişdirilməsinə  yönəldib

 Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə xarici müdaxilələr, xüsusilə Qərb dövlətlərinin bu istiqamətdə fəal iştirakı hazırda gündəmdə olan bir nömrəli məsələdir. Qərbin Gürcüstan siyasətinə təsir göstərmək cəhdləri, seçkilərə müdaxilələr bir sıra problemlər üçün zəmin yaradır. Gürcüstanın daxili siyasətinə belə xarici təsirlər ölkənin siyasi proseslərini manipulyasiya etməklə və cəmiyyətdə Qərbin dəyərlərinə qarşı artan skeptisizmə yol açmaqla nəticələnə bilər. Xüsusilə Qərbin müəyyən siyasi qüvvələri dəstəkləməsi demokratiya prinsiplərinə zidd şəkildə seçki proseslərinə müdaxilə cəhdidir. Bu da Gürcüstanda siyasi qarşıdurmaların dərinləşməsinə və ölkədə daxili sabitliyin zəifləməsinə hesablanıb. Xarici güclərin seçkilərə birbaşa və ya dolayı yolla təsiri demokratik proseslərin təbii inkişafına maneə yaradır. Belə bir mühitdə Qərbin “demokratik dəyərləri müdafiə etmək” adı altında seçkilərə bu şəkildə müdaxiləsi Gürcüstanın suverenliyinə zərbə vurmaqla yanaşı, regionda sabitliyin pozulmasına da hesablanıb. Bu isə yalnız daxili deyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından ciddi nəticələrə gətirib çıxara bilər. Ona görə də gürcü xalqının hazırkı hakimiyyəti dəstəkləməsi, sülhə, sabitliyə səs verməsi mühüm şərtdir. Bu, həmçinin regional inkişaf baxımından da önəmli amildir. Məsələ ondadır ki, Gürcüstan Qafqazın mühüm geosiyasi aktorlarından biri kimi tarix boyu regional güclərin və qlobal qüvvələrin təsir dairəsində olub. Qərb ölkələri Gürcüstan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmaq, diqqəti bir növ Ukraynadan yayındırmaq və beləcə öz niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Lakin Gürcüstanın bugünkü hakimiyyətinin qətiyyətli mövqeyi onların bu niyyətlərinin reallaşmasının qarşısını alır. Məhz ona görədir ki, onlar rəsmi Tbilisiyə qarşı açıq qərəz, sanksiyalar və daxili işlərə müdaxilə strategiyası həyata keçirməyə başlayıblar. Azərbaycanın bu proseslərə qarşı özünün regional siyasəti çərçivəsində xüsusi diqqət ayırması mühüm amildir. Çünki bu qüvvələr Azərbaycana təsir göstərə bilmədikləri üçün hədəf olaraq Gürcüstanı seçiblər və məhz tranzit ölkə olduğuna görə Gürcüstan vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışırlar. 

Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, ümumiyyətlə, özlərini "super dövlət" adlandıran güclər, nisbətən kiçik dövlətlərin daxili işlərinə hər zaman müdaxilə ediblər. Deputatın sözlərinə görə, fərq ondadır ki, tarixin müəyyən dönəmlərində müdaxilə zəif, ölçülü-biçili, bəzi hallarda isə kəskin xarakter alıb: 

"Bunun kökündə əsasən coğrafi, iqtisadi, siyasi amillər dayanır. Sovetlər İttifaqının süqutu ilə soyuq müharibəyə son qoyuldu və son 30 ilə yaxın müddətdə dünya bir qütb tərəfindən idarə olundu. 2000-ci illərin əvvəllərindən başlayaraq, Rusiya Federasiyası iqtisadi və hərbi cəhətdən gücləndi. Kollektiv Qərblə əldə olunmuş bir çox razılıqların pozulması, konkret olaraq, NATO-nun Şərqə doğru irəliləməsi, Avropa İttifaqının genişləndirilməsi şimal qonşumuzla Qərb arasında ciddi narazılıqlara səbəb oldu. 2008-ci il Gürcüstanda, 2014-cü il Krım, Donbass və Luqanskda baş verən hadisələr, irimiqyaslı Rusiya-Ukrayna müharibəsi ilə nəticələndi. 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarının erməni işğalından azad olunması ilə regionda yeni reallıqlar yaratdı. Ermənistanın məğlubiyyəti, böyük dövlətlərin planlarına daxil deyildi. Cənubi Qafqazda geosiyasi, geoiqtisadi rəqabət, Azərbaycana təzyiqlər də, məhz bundan sonra başladı". 

Parlament üzvü vurğulayıb ki, Azərbaycan müstəqil siyasət aparan, iqtisadi cəhətdən xarici faktorlardan o qədər də asılı olmayan, özünü təmin etmiş ölkə olduğundan təzyiqlər effektiv olmur: 
"Ona görə də, Gürcüstanın praqmatik hökumətini Qərbyönümlü hakimiyyətlə əvəzləmək üçün planlar qurulur. Cənubi Qafqazda Ermənistanın Rusiya ilə, Gürcüstanın isə Qərblə münasibətlərinin kəskin pisləşməsi ümumi təhlükəsizliyə təhdid yaradır. Xarici təsirlərin əhəmiyyətli dərəcədə olması, Ermənistanın və Gürcüstanın tam müstəqil siyasət aparmasına imkan vermir. Azərbaycan isə hər iki qütblə məsafəli, bərabər hüquqlu, ikitərəfli normal əməkdaşlığa üstünlük verir. Böyük güclərin maraqlarının təmin olunmasında platforma rolunu oynamaq istəmir. Cənubi Qafqazda geosiyasi maraqların toqquşduğunu nəzərə alsaq, regional təhlükəsizlik sisteminin qorunmasında ən böyük töhfə,  bizim ölkəmizin payına düşür. Bu yaxınlarda Gürcüstanda parlament seçkiləri keçiriləcək. Təsadüfi deyil ki, dünya mətbuatı bu seçkiləri “geosiyasi seçkilər” adlandırır. ABŞ və kollektiv Qərb bütün imkanlarını mövcud hakimiyyətin dəyişdirilməsinə  yönəldib. Artıq bir şey bəllidir ki, seçkilərdə müxalifət qalib gəlməsi, bölgədə ciddi dəyişiklərə səbəb ola bilər. Biz, istənilən halda buna hazır olmalıyıq".

N.Məhəməliyev diqqətə çatdırıb ki, Ermənistan tarixən Qafqazda destrukriv mövqe tutan, xarici qüvvələrin "maşası" rolunu oynayan dövlət, hətta dövlət yox, bir layihədir: 
"Ermənistan indi də həmin fəaliyyətini davam etdirir. Gürcüstan isə yaxın qonşumuz olmaqla, son dərəcə əhəmiyyətli dövlətdir. Əminəm ki, bu ölkənin başında kimin olmasından asılı olmayaraq, dostluğumuz, əməkdaşlığımız davam edəcək, birlikdə xarici təsirləri dəf edəcəyik".