Sinvarın ölümü
Qanlı hadisə Qəzza müharibəsinin gedişini ciddi şəkildə dəyişdirəcək
HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar İsrail tərəfindən öldürülüb. İsrail müdafiə naziri Yoav Qallant deyib ki, bu qətl təslim olmağın və Qəzzadakı israilli girovları azad etməyin vaxtının çatdığını bildirir. Yəhya Sinvarın öldürülməsinin ardından HƏMAS-ın xaricdəki lideri Xalid Məşəl hərəkatın rəhbəri vəzifəsinin icrasına başlayıb. Məşəl bundan əvvəl 1996-2017-ci illərdə HƏMAS lideri olub. İsmayıl Haniyənin ölümündən sonra onun adı HƏMAS liderliyinə əsas namizədlərdən biri kimi çəkilirdi.
İsrail Sinvarın ölümü ilə nə əldə etdi?
“Vaşinqton Post” məlumat yayıb ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi Qəzzada atəşkəslə bağlı razılığın əldə olunmasında çətinliklər yarada bilər: “ABŞ lideri Co Bayden və vitse-prezident Kamala Harris Sinvarın ölümünün Qəzzada vəziyyətin nizamlanmasını asanlaşdıra biləcəyinə ümid etdiklərini bildirib. Lakin ABŞ, İsrail, ərəb rəsmiləri və İsrailin hərbi strategiyası, eləcə də ABŞ-nin aylardır rəhbərlik etdiyi atəşkəs səyləri ilə tanış olan ekspertlər bildiriblər ki, Sinvarın ölümünün xoş qarşılanmasına baxmayaraq, onun aradan qaldırılması yeni maneələr yarada bilər. Əsas narahatlıq HƏMAS-ın yeni liderinin atəşkəs danışıqlarına hazır olub-olmayacağı, Netanyahunun bu fürsətdən hərbi əməliyyatların intensivliyini azaltmaq üçün istifadə edib-etməyəcəyi və ya Qəzzada daha geniş qələbəyə nail olmaq üçün səylərini ikiqat artırmağa qərar verəcəyi ilə bağlıdır. Bu suallara cavab atəşkəs planının həyata keçirilməsi perspektivlərini müəyyən edəcək”.
Bayden Sinvara görə Netanyahuya zəng etdi
ABŞ Prezidenti Co Baydenlə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Liderlər HƏMAS rəhbəri Yəhya Sinvarın öldürülməsindən sonra Qəzzada qalan 101 girovu azad etmək üçün yeni imkanlar barədə danışıblar: "İki lider girovların azad edilməsi üçün irəliləyiş imkanlarının olduğu və bu məqsədə nail olmaq üçün birlikdə çalışacaqları barədə razılığa gəliblər". Bayden həmçinin Netanyahunu və İsrail ordusunu Sinvarın öldürülməsi ilə bağlı təbrik edib.
Sinvarın qətlinə İrandan reaksiya
İranın BMT-dəki daimi nümayəndəliyindən bildirilib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi Fələstin müqavimətinin ruhunu gücləndirəcək: “Müqavimət ruhu yalnız güclənəcək. Sinvar Fələstinin azad edilməsi yolunda gənclər və uşaqlar üçün nümunə olacaq. Nə qədər ki, təcavüz və işğal var, müqavimət davam edəcək”.
Kremldən Sinvarın qətlinə reaksiya
Rusiya İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarı öldürməsinin Yaxın Şərq üçün nəticələrindən narahatdır. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, əsas olan mülki əhali üçün müşahidə edilən nəticələrdir: "Bu, ciddi narahatlıq yaradır. Həm Qəzzada, həm də Livanda müşahidə olunan humanitar fəlakət bizi ciddi narahat edən məsələdir".
Dünya liderləri Sinvarın ölümündən yazdı
Qərb dövlətlərinin liderləri və nazirləri Yəhya Sinvarın ölümü ilə bağlı açıqlamalar veriblər. ABŞ Prezidenti Co Bayden deyib ki, "Sinvarın öldürülməsi İsrail, ABŞ və dünya üçün yaxşı gündür". Fransa prezidenti Emmanuel Makron bildirib ki, oktyabrın 7-də törədilən terror aktlarına və vəhşiliklərə görə məsuliyyət daşıyan əsas şəxs Yəhya Sinvar olub: "Bu gün mən qurbanların, o cümlədən 48 soydaşımızın və onların yaxınlarının təəssüratı ilə düşünürəm. Fransa hələ də həbsdə olan bütün girovların azad edilməsini tələb edir". Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Sinvar İsraili və onun xalqını məhv etmək istəyən qəddar qatil və terrorçu idi: "O, oktyabrın 7-də törədilən terrorun təşkilatçısı kimi minlərlə insana ölüm və bütün regiona ölçüyəgəlməz iztirablar gətirdi". Böyük Britaniyanın müdafiə naziri Con Hilinin sözləri belə olub: "Oktyabrın 7-də törədilən terror aktına görə məsuliyyət daşıyan Sinvar kimi terror liderinin ölümünə yas tutmayacağam".
"İsrail HƏMAS üzərində “qələbəni” nəhayət elan edə bilər"
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Haniyəni və Məhəmməd Deifi öldürməklə “əlinin hara qədər çata biləcəyini” nümayiş etdirən İsrailin Sinvarı öldürəcəyi bəlli idi. Burada əsas məqam Haniyədən fərqli olaraq, Sinvarın xələfi məsələsinin sual altında olmasıdır və bu, Qəzza müharibəsinin gedişini ciddi şəkildə dəyişdirə bilər:
"İsrail HƏMAS üzərində “qələbəni” nəhayət elan edə bilər. Qəzza daxilində HƏMAS-a liderliyi üzərinə götürəcək nüfuzlu fiqurun olduğu görünmür. Haniyə və Sinvardan sonra qruplaşmada iki əsas lider qalır: - Xalid Məşəl və Musa Əbu Mərzuk. Lakin hər iki şəxs Qəzzada deyil, onların qruplaşmanı kənardan idarə etməsi mümkün olsa da, müharibədə ciddi “qan itirən” HƏMAS-ın müqaviməti böyük ölçüdə davam etdirəcəyi sual altındadır. Və bütün bunlar İsrailə “qələbəni” elan etmək imkanı verir. Girovlarla bağlı danışıqlar yenidən başlaya bilər. Girov danışıqları ilə bağlı daha öncə ümidlər yaransa da, Haniyənin yerinə Sinvarın gəlişi maneə yaradırdı. Təkcə ona görə yox ki, Sinvar döyüşməyin tərəfdarı idi, həm də İsrail 7 oktyabr hücumunun memarı ilə “danışıqlar masası”nda əyləşmək istəmirdi. İndi İsrailə “qisas aldığını və qələbə qazandığını” nümayiş etdirmək imkanı yaranıb və Netanhayu kabineti daxili tələbləri fonunda girovların qaytarılmasına çalışacaq. HƏMAS daxilində, ümumilikdə Qəzzada da “atəşkəs istəklərinin” çoxalması, o cümlədən, Bayden administrasiyasının seçkilərə qədər “nəticə” əldə etmək istəyi də bu imkanı gücləndirir".
"Əsas suallardan biri HƏMAS-ın bundan sonra nə edəcəyidir"
Analitikə görə, əsas suallardan biri HƏMAS-ın bundan sonra nə edəcəyi, Qəzzanın taleyinin necə olacağıdır: "Bölgəyə sülh gələ və beynəlxalq nəzarət mexanizmlər altında yerli idarəetmə sistemi formalaşa bilər. Lakin bu, yalnız İsrailin HƏMAS-ın silahı tamamilə yerə qoyması və qruplaşmanın “faktiki hökuməti”nin ləğv edilməsi şərtlərinin reallaşması fonunda mümkün görünür. “Girov danışıqlarının” aktuallaşacağı fonunda Qəzzada hadisələrin inkişafına dair müəyyən təxminlər irəli sürmək olar. İsrail müqavimət göstərən qruplaşma üzvlərinə qarşı daha çox lokal xarakterli əməliyyatları davam etdirəcək. Beynəlxalq müstəvidə Qəzzanın bərpası və idarəedilməsi məsələnin daxil olduğu sülh danışıqları başlaya bilər. HƏMAS-ın yeni liderinin danışıqlara sövq edilməsi işini ABŞ-nin istəyi ilə ərəb ölkələri həyata keçirəcəklər və alternativ seçim imkanının çox olmaması nəticə əldə etməyi asanlaşdıra bilər. Bu proseslər fonunda HƏMAS daxilində “atəşkəs” və “döyüş” tərəfdarlarının qarşıdurması da mümkün gözləntilərdəndir".