ABŞ-nin müdafiə naziri Lloyd Ostin gözlənilmədən Kiyevə səfər edib. Bu barədə CNN telekanalı məlumat yayıb. Ehtimal olunur ki, Pentaqon rəhbəri qismində sonuncu dəfə Ukraynaya gələn L.Ostin Prezident Vladimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşəcək. Onlar Ukrayna ordusunun növbəti il üçün silah-sursat ehtiyacı və dəstəyin davam etdirilməsini müzakirə edəcəklər. Eyni zamanda ABŞ ilə Ukrayna arasındakı münasibətlər də tərəflərin diqqət mərkəzində olacaq.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostinin gözlənilmədən Kiyevə səfər etməsi Zelenski administrasiyasının narazılığını önləmək üçündür:
“Ukrayna prezidenti Qərbin və ABŞ-nin ona verdiyi dəstəkdən narazıdır. Rusiya isə son zamanlar Ukrayna cəbhəsində xüsusilə fəallaşıb. Buna reaksiya olaraq Ukrayna bəzi tələbləri var. Məsələn, ötən günlərdə Ukrayna prezidenti Zelenski sülh proqramı irəli sürdü. Həmin sülh proqramında qeyd olunanlar isə indiki reallığı əks etdirmirdi. Amerika Birləşmiş Ştatları tərəfindən də həmin tələblər xoşluqla qarşılanmadı. Hazırda Qərb maraqlıdır ki, Ukrayna müharibəni davam etdirsin. Amma bunun üçün onlara geniş çaplı hücumlar üçün silah vermirlər. Yəni Bayden administrasiyasının əsas hədəflərindən biri savaşın uzadılmasıdır. Amma ABŞ və Avropa ölkələri sözügüdən məsələ ilə bağlı fikir ayrılıqlar yaşayır. Buna görə də Ostinin Kiyevə səfəri ABŞ-nin daha çox Ukraynaya hərbi dəstək verməsi baxımından önəmlidir. Çox güman ki, yaxın gələcəkdə Amerikanın Ukraynaya yeni ölçülü silah partiyasının verilməsi ilə bağlı razılıq əldə olunacaq. Həmin razılaşmaya uyğun olaraq Ukraynaya Amerikadan yeni silahların gəlməsinin şahidi olacağıq. Yaxın zamanda isə Ukrayna və Rusiya arasında atəşkəslə bağlı razılığın əldə olunması inandırıcı görünmür”.